İDMAN
Əfsanəvi azərbaycanlı hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol turniri beynəlxalq status alacaqdır VİDEO
Moskva, 16 dekabr (AZƏRTAC). Gələn il Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol turniri MDB səviyyəsində keçiriləcəkdir. Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu dekabrın 14-də Moskvanın “Dinamo” İdman Sarayında keçirilmiş Turnirin qaliblərinin mükafatlandırılması mərasimində məlumat vermişdir.
Bu dəfəki turnir Moskva hökumətinin regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamenti, Azərbaycanın Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) tərəfindən Azərbaycan Gənclər və İdman Nazirliyi, ARDNŞ və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuşdur. İdman sarayının foyesində “Bakı” jurnalının təqdimatında Azərbaycana həsr olunmuş zəngin fotosərgi nümayiş etdirilmişdir.
Dairəvi sistem üzrə keçirilən turnirdə 8 komanda iki qrupda mübarizə aparmışdır. Yarımfinala Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ), Regional Mini-Futbol Liqasının, Azərbaycanın Rusiyadakı səfirliyinin komandaları və “Qarabağ” komandası vəsiqə qazanmışdır. Anatoli Şevtsovun hakimlik etdiyi final görüşündə “Azərbaycan səfirliyi” və “Qarabağ” komandaları qarşılaşmışlar. Bu görüşdə “Qarabağ” komandası qalib gələrək Turnirin qalibi olmuşdur. İkinci yeri Azərbaycan səfirliyinin, üçüncü yeri MDBMİ-nin komandaları tutmuşlar.
Yarışlardan sonra qaliblərin mükafatlandırması mərasimi keçirilmişdir. Turnirdə iştirak edən bütün komandalara və oyunçulara müxtəlif nominasiyalarda mükafatlar təqdim olunmuşdur. Mükafatları turnirin fəxri qonaqları – Moskva hökumətinin nümayəndəsi Yuri Nujdin, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev, məşhur futbolçular Valeri Butenko, Yuri Kuznetsov, Andrey Kançelskis, AFFA-nın Veterenlar Şurasının sədri Rüstəm Rəhimov və başqaları təqdim etmişlər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mərasimində çıxış edərək bildirmişdir ki, əfsanəvi Azərbaycan hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol turniri gələn ildən MDB ölkələri səviyyəsində keçiriləcəkdir. Səfir demişdir: “Biz Moskva hökumətinin regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamenti ilə turniri gələn ildən MDB səviyyəsində keçirmək barədə razılığa gəlmişik. Mən MDB ölkələri Humanitar Əməkdaşlıq Fondunun sədri kimi də bu ideyanın həyata keçirilməsinə kömək edəcəyəm”.
Səfirin sözlərinə görə, hazırda millətlərarası münasibətlərdə gərginliyin olması heç kim üçün sirr deyildir. Yaşlı nəslin nümayəndələri millətlərarası sülhün qorunması üçün əllərindən gələni etməlidirlər. İdman yarışlarının xalqlar arasında dostluğun möhkəmlənməsinə güclü təkan verdiyini vurğulayan diplomat demişdir: “İdmanla məşğul olan adamların boş işlərə vaxtı qalmır, çünki idman müəyyən həyat tərzinə riayət olunmasına vadar edir. Nə qədər ki, bizim nəsil sağdır, qeyri-standart yollar tapmalı, gəncləri cəlb etməliyik. Biz birlikdə faşizmə qalib gəlmiş, 200 ildən çox birlikdə yaşamışıq. Miqrasiya qaydaları və ya digər qanunlara görə əsrlər boyu formalaşan münasibətlərin üstündən xətt çəkmək olmaz”.
Moskva hökuməti regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentinin rəhbəri Yuri Artyuxun sözlərinə görə, bugünki turnir xalqlar arasında dostluq münasibətlərinin, nəsillər arasında varislik ənənələrinin və deməli Rusiyanın da, Azərbaycanın da gələcəyinin olduğunu bir daha sübut etdi. O demişdir: “Bu turnir göstərdi ki, biz birlikdəyik. Moskva hökuməti görkəmli futbolçu Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş turnirin mütəmadi keçiriləcəyinə ümid bəsləyir”.
Əfsanəvi futbol hakiminin nəvəsi Tofiq Bəhramov çıxışında turnirin təşkilatçılarına və iştirakçılarına ailəsi adından təşəkkürünü bildirmişdir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva