CƏMİYYƏT
Əfsanəvi mühəndis Pavel Pototski yad edilib
Bakı, 26 may, AZƏRTAC
Polşa Respublikasının sabiq xarici işlər naziri, Avropa Parlamenti Müdafiə Komitəsinin sədri Anna Fotiqa Azərbaycana səfəri çərçivəsində 20-ci əsrin əvvəllərində Azərbaycan neft sənayesinin inkişafında mühüm rolu olmuş polyak mühəndis Pavel Pototskinin Bibiheybətdə yerləşən məzarını ziyarət edərək, məzarı üzərinə əklil qoyub.
Bu barədə AZƏRTAC-a SOCAR-dan bildirilib.
Tədbirdə Polşa Respublikasının Azərbaycandakı səfiri Marek Tsalka və xanımı, SOCAR-ın müvafiq strukturlarının nümayəndələri iştirak edib.
Qeyd olunub ki, əfsanəvi mühəndis Pavel Pototski 1910-cu ildə Bibiheybət buxtasının torpaqla doldurulması işinə rəhbərlik edib. Bu, dəniz sahilindəki sulu ərazinin qurudulması üzrə dünyada ilk təcrübə olub. P.Pototskiyə ilk abidə ümummilli lideri Heydər Əliyevin göstərişi ilə qoyulub.