ELM VƏ TƏHSİL
“Ağ Naftalan yağı” Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi qeydiyyatdan keçib
Bakı, 25 aprel, AZƏRTAC
Üç ilə yaxın müddətdə aparılan tədqiqatlardan sonra Səudiyyə Ərəbistanı “Ağ Naftalan yağını” kosmetik vasitə kimi qeydiyyata alıb və ölkədə istifadəsinə icazə verib. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA yaratdığı ilk məhsuldur ki, xarici dövlətdə qeydiyyata alınıb. Hazırda “Ağ Naftalan yağı”nın Səudiyyə Ərəbistanında dərman preparatı kimi qeydiyyata alınması üçün işlər davam etdirilir.
AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) uzun illərdir akademik Vaqif Abbasovun rəhbərliyi ilə müalicəvi Naftalan neftinin geniş tədqiqatları aparılır. 2003-2016-cı illərdə akademikin rəhbərliyi ilə bu neftin tədqiqatlarına və təmizlənmə texnologiyasının işlənib hazırlanmasına aid kimya, mühəndislik və mikrobiologiya üzrə üç fəlsəfə doktoru hazırlanıb. NKPİ-də hazırlanan “Ağ Naftalan yağı”nın alınma texnologiyası işlənib hazırlanıb və AMEA-nın Təcrübə Sənaye Zavodunda təcrübə-sənaye miqyasında mənimsənilib və təcrübə-sənaye istehsalı təşkil olunub. 2014-cü il oktyabrın 23-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu maddəni xaricə istifadə üçün dərman preparatı kimi qeydə alıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, “Ağ Naftalan yağı”nın beynəlxalq səviyyədə qəbul olunmasında bir çox elmi mərkəzlərin böyük zəhməti var. AMEA-nın prezidenti akademik Akif Əlizadənin irəli sürdüyü multidistiplinar tədqiqatlar ideyası “Ağ Naftalan yağı” timsalında öz uğurlu təsdiqini tapdı.
“Ağ Naftalan yağı”nın yaradılması, dərman preparatı və kosmetik vasitə kimi qeydiyyata alınması, təcrübə-sənaye miqyasında istehsalının təşkilində AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun, Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzi və mikrobiologiya kafedrasının, AMEA-nın Mikrobiologiya və Fiziologiya institutlarının, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun, Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun, AMEA-nın Təcrübə Sənaye Zavodunun rolu olub.