SİYASƏT
Ağ evdə keçirilən brifinqdə mühüm məsələlər, o cümlədən iqlim dəyişmələri ilə bağlı problemlər müzakirə edilmişdir VİDEO
Vaşinqton, Ağ ev, 7 may (AZƏRTAC). Mayın 6-da Ağ evdə keçirilən brifinqdə Ağ evin mətbuat katibi Cey Karni İqlim dəyişmələrinin qiymətləndirilməsi üzrə Milli Komitənin bu həftə dərc edilmiş hesabatının təfsilatı, Şərqi Ukraynada vəziyyətin gərginləşməsi, mayın 25-də Ukraynada keçiriləcək prezident seçkiləri, Nigeriyada 11 məktəbli qızın oğurlanması və ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Raysın İsrailə səfəri barədə jurnalistlərin suallarına cavab vermişdir.
Cey Karni qeyd etmişdir ki, İqlim dəyişmələrinin qiymətləndirilməsi üzrə Milli Komitənin üçüncü hesabatında Amerika ictimaiyyətinə iqlim dəyişmələrinin müxtəlif regionlara təsiri haqda məlumat verilir. O bildirmişdir ki, hesabatda son onilliklərdə işlənmiş qazların atmosferi çirkləndirməsi və dənizlərin səviyyəsinin artması ilə əlaqədar təbii fəlakətlər, müxtəlif xəstəliklər, ölkənin qərbində havanın keyfiyyətinin pisləşməsi, quraqlıq, məhsul itkisi, yanğınlar nəticəsində insanların sağlamlığına təhlükə yaranması barədə məlumatlar vardır.
C.Karni demişdir ki, prezident keçən il iyun ayında “İqlim dəyişmələri üzrə iş planı” imzalamış, işlənmiş qazların atmosferi çirkləndirməsi səviyyəsinin azaldılmasına yönəlmiş tədbirləri açıqlamış, ABŞ-ın iqlim dəyişmələrinə hazırlaşması vəzifəsini elan etmiş və iqlim dəyişmələri problemlərinin həllinin axtarışında beynəlxalq birliyin səylərində Amerikanın aparıcı rol oynaması təşəbbüsünü irəli sürmüşdür.
Jurnalistin “ABŞ Rusiya xarici işlər naziri Lavrovun tələbi ilə aparılacaq beynəlxalq danışıqlarda Şərqi Ukraynadakı separatçıların iştirak etməsinə razılıq verəcəkdirmi?” sualının cavabında Ağ evin mətbuat katibi bildirmişdir ki, Cenevrədə danışıqlar zamanı Rusiya məhz Ukrayna hökuməti ilə dialoqun tərəfdarı olmasını təsdiqləmişdir. O, separatçıların hərəkətlərini pisləyərək demişdir: “Mərkəzdənqaçma və ya yerli muxtariyyət qurulması insanların girov götürülməsi, inzibati binaların zəbt edilməsi, helikopterlərin vurulması və ölkənin öz vətəndaşlarına qarşı zorakılığa təhrik yolu ilə həyata keçirilir”.
C.Karni vurğulamışdır ki, beynəlxalq müşahidəçilər mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərində iştirak edəcəklər və Ukrayna hökuməti ölkənin şərq hissəsindəki əhaliyə məlumat vermişdir ki, rəsmi Kiyev onların problemlərini həll edəcək, o cümlədən Ukraynada hakimiyyətin desentralizasiyası ilə bağlı islahatlar aparacaqdır.
Nigeriyada qızların məktəblərdə oxumasına etiraz əlaməti olaraq islamçı qruplaşmalar tərəfindən 11 məktəbli qızın oğurlanması ilə əlaqədar böhran məsələsinə toxunan Cey Karni bildirmişdir ki, ABŞ dövlət katibi Con Kerri Nigeriya hökumətinə inzibati və kəşfiyyat köməyi göstərilməsi planını təqdim etmiş, Nigeriya prezidenti Qudlak Conatan bu planı müsbət qarşılamışdır.
Tədbirin sonunda Ağ evin mətbuat katibi qeyd etmişdir ki, milli təhlükəsizlik məsələləri üzrə müşavir Süzan Rays mayın 7-də ABŞ nümayəndə heyəti ilə birlikdə İsrailə yola düşəcəkdir. Səfər çərçivəsində keçiriləcək Amerika-İsrail məsləhətləşmə qrupunun görüşlərində ikitərəfli strateji münasibətlər və regional təhlükəsizlik məsələləri müzakirə ediləcəkdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton