CƏMİYYƏT
Ağaclar şəhərləri çirklənmiş havadan xilas edə bilər
Bakı, 2 noyabr, AZƏRTAC
Çirklənmiş hava müasir şəhərlərin ciddi problemi olub, hər il milyonlarla insanın həyatını məhv edir. Alimlər dünyanın 245 şəhərində ağac əkilməsinə xərcləri və bunun səmərəliliyini digər havatəmizləmə və sərinlətmə metodları ilə müqayisə edərək belə qənaətə gəliblər ki, ağaclar bu rəqabətə inamla davam gətirir.
AZƏRTAC “gismeteo.ru” ABŞ-ın “The Nature Conservancy” (TNC) şirkətinin apardığı tədqiqat göstərib ki, ağac ətrafındakı havanın tərkibində bərk hissəciklər orta hesabla 7-24 faiz azalır, sərinlətmə effekti 2 dərəcəyə qədər təşkil edir.
Tədqiqatın aparıcı müəllifi Rob Makdonald bildirib ki, ağacların şəhər sakinləri üçün üstünlükləri çoxdur. Alimin sözlərinə görə, ağacəkmə havanın keyfiyyətini yaxşılaşdırmaq üçün görülən digər tədbirləri ləğv etmir, əksinə onların sırasındadır və xüsusi diqqət tələb edir.
R.Makdonald deyib: “Tədqiqatlar apardığımız bütün şəhərlərdə sakinlər dövlətin ayırdığı vəsaitə əlavə olaraq ağacların əkilməsinə ildə heç olmazsa, hərəyə 4 dollar xərcləsələr, hər il 11 mindən 36 minə qədər insanın həyatını xilas edə bilərlər.
Ağaclar həmişə şəhər həyatının bir hissəsi sayılsa da, XX əsrin ikinci yarısında abadlaşdırma layihələrində ikinci plana keçib. Müəlliflər ümid edirlər ki, tədqiqatın nəticələri ağacların urbanizm mənzərələrinin ayrılmaz detalına çevrilməsi üçün diqqəti şəhər parklarının necə abadlaşdırılması məsələləri və bütövlükdə yaşıl zonalar üzərində cəmləşdirməyə məcbur edəcək.