CƏMİYYƏT
Ağacların qanunsuz kəsilməsi faktı ilə əlaqədar cinayət işi başlanıb
Bakı, 19 iyul, AZƏRTAC
Paytaxtın Nizami rayonu ərazisində tikinti işlərinin aparılması zamanı müxtəlif cinsli (şam, sərv və qarağac) 9 ağacın məhv edilməsi, 20 ağaca isə zədələr yetirilməsi nəticəsində təbiətə 7920 manat məbləğində ziyan vurulması, eləcə də inşaat işləri ilə əlaqədar yaşıllıq sahəsinin kəsilməsinə dair hüquq verən rəsmi sənədlərin təqdim edilməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin araşdırmalarla Meşə Məcəlləsinin və meşə qanunvericiliyi üzrə normativ aktların tələblərinin kobud surətdə pozularaq kəsməyə hüquq verən əsaslar olmadan külli miqdarda ziyan vurmaqla ağacların qanunsuz kəsilməsi hallarına yol verilməsi müəyyən edilib.
Həmin faktlarla bağlı Azərbaycan Respublikasının baş prokuroru tərəfindən 2017-ci il 19 iyul tarixdə Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.