MƏDƏNİYYƏT


Ağacoymanın möcüzələri

Bakı, 19 may, AZƏRTAC

Sənət aləmində baş tutan çağdaş bədii proseslərin duyulası dərəcədə mürəkkəbləşdirilmiş rəmzlərlə dolu bugünkü xaotik axarında bəzən elə bir sadə və cazibədar bədii qaynaq tapılır ki, özünün ovsunlayıcı məziyyətlərinə görə tamaşaçısını heyrət və düşüncələr burulğanına sala bilir.

Yaradıcılığı son bir qərinəni əhatə edən Seyfəddin Mənsimoğlunun (Məmmədvəliyev) təxəyyülünün nəticəsi olan ağacoyma işləri məhz belə sənət nümunələrindəndir. Özündə ağacoyma ilə xəttatlığı birləşdirən bu nümunələr zaman çərçivəsinə sığışmayan sənət möcüzələridir, desək yanılmarıq. İndiki milli sənət sahələrinə marağın azaldığı bir zamanda onun “El sənəti - el şöhrətidir” deyimini təsdiqləyən əsərlərinin bədii-estetik məziyyətləri haqqında danışmazdan əvvəl bir daha ağacoymanın xalqımızın həyatında tutduğu yerdən söz açmağa ehtiyac duyuruq...

Əgər ağacoymanın keçmişindən bu günə qədər davam edən bədii-texniki evolyusiyasını dəyərləndirməli olsaq, onda etiraf etməliyik ki, çox vaxt dekorativ-tətbiqi sənətin bir çox sahələrində olduğu kimi, ağacoymada da yeni söz demək, onun məlum bədii şərh xəzinəsinə nə isə əlavə etmək çox çətindir. Bununla belə Seyfəddin Mənsimoğlu yaratdığı yeni və orijinal biçimli nümunələrlə bu fikri alt-üst etdi. Bunu şərtləndirən əsas səbəb onun ağacoymanın ənənəviləşən forma-biçimini və məna-məzmun tutumunu yeni bədii-texniki məziyyətlərlə zənginləşdirməsi, başqa sözlə desək, novatorluq nümayiş etdirməsi oldu.

Bu yerdə əlavə edək ki, onun ağacoymaya qəfil sevgisi çoxlarında bir qədər inamsızlıq yaratmışdı. Belələrini başa düşmək də çətin deyildi. Doğrudan da bir vaxtlar məşhur “Əzimzadə məktəbi”ndə oxuyan, sonra ali məktəbdə teatrşünaslıq ixtisası üzrə təhsil alan və ardınca dünyamıza obyektivin gözü ilə baxmağa öyrənmiş adamı əli iti bıçaqlı, ağac parçaları ilə baş-başa vəziyyətdə təsəvvür etmək çox çətin idi. Ancaq bu vaxta qədər gözəllik duyumunu rənglərlə ifadəyə üstünlük verən Seyfəddin üçün yeni başlanğıc, bu qəfil seçim təsadüfi deyildi. Belə ki, bunun arxasında sənət seçimi üçün vacib olan keyfiyyətlər – heyrət, məhəbbət, adilikdəki gözəlliyi görüb-duymaq, onu başqaları üçün də aşkarlamaq istəyi vardı. Ona görə də ağacoymada kifayət qədər “gənc” olan Seyfəddin Mənsimoğlu sənətkarlıq baxımından çox tez kamilləşdi, məna-məzmun baxımından isə daha da müdrikləşdi...

Seyfəddin Mənsimoğlunun bir qərinəlik yaradıcılıq yolunun başlanğıcı 1981-ci ilə təsadüf edir. Məhz həmin ildə o, ilk dəfə “Rəsmi türk ədəbiyyatı” kitabında xəttatlıq nümunələrinin sənətkar əlində hansı ecazkar görkəm aldığını görəndən sonra onda kağız üzərində olan və nəbati naxışları andıran bu ritmik xətt nümunələrini ağac üzərinə köçürmək istəyi yaranıb. Başlanğıc günü o, bu kitabda gözəl nəstəliq xətlə yazılmış və “Qurani-Kərim”dən götürülmüş “Va Huva bikulli şeyin alim” (“O, hər şeydən xəbərdardır”) kəlamını seçib. Bir neçə ay ərzində o, bu kəlamı qoz ağacından hazırlanmış lövhə (plaket) üzərində oyaraq, gözəlliyi ilə insanı valeh edən simmetrik bir kompozisiya yaratmışdır. Belə ki, kompozisiyanın sağ tərəfini kəlamın ustalıqla yazılmış və ona ayrılan sahədə zərgər dəqiqliyi ilə yerləşdirilmiş orijinal-əsli, sol tərəfini isə onun tərsinə yazılmış güzgü əksi təşkil edir. İlk dəfə ictimailəşən bu əsər tamaşaçılar və sənət xiridarları tərəfindən böyük maraqla qarşılandı və Seyfəddin Mənsimoğlu haqqında orijinal bir janrın yaradıcısı kimi yüksək fikir söylədilər.

İlk uğur bu sahədə böyük təcrübəsi olmayan Seyfəddin Mənsimoğlunun mənəvi dəstəyi oldu və onu yeni yaradıcılıq axtarışlara həvəsləndirdi. İlk nümunənin ardınca onun XVI əsrin görkəmli miniatürçü rəssamı Sultan Məhəmmədə, Azərbaycan poeziyasının korifeyləri Nizami Gəncəviyə, Xaqani Şirvaniyə, Məhsəti Gəncəviyə, İmadəddin Nəsimiyə və Məhəmməd Füzuliyə, eləcə də müdriklər müdriki Dədə Qorquda, astronom Nəsrəddin Tusiyə, bəstəkar Üzeyir Hacıbəyliyə, şair Əlişir Nəvaiyə, Babur şaha, “Molla Nəsrəddin” Mirzə Cəlilə, repressiya qurbanı Hüseyn Cavidə, Aşıq Qurbaniyə, Şəms Təbrizi və Cəlaləddin Rumiyə, Şah İsmayıl Xətaiyə həsr etdiyi ağac lövhələr yaranmışdır.

Ağacoyma sahəsində yaradıcılığa dini kəlamın yazılışı ilə başlayan Seyfəddin Mənsimoğlu bütün yaradıcılığı boyu dəfələrlə “Qurani-Kərim”dən götürülmüş müqəddəs kəlamlara bədii görüntü vermişdir. Ürəyinin çağırışı ilə həm də müqəddəs Həcc ziyarətində olan ustadın “Bismillahir-Rəhmanir-Rəhim” (altı əsər), “Allah” (altı əsər), “Məhəmməd (s.ə.s.) Allahın rəsuludur”, “Qurani-Kərim”dən ayələr” (dörd əsər), “İxlas surəsi” və s. əsərləri bunun təsdiqidir. Etiraf edək ki, ustad məhz dini məzmunlu işlərində kəlamların tutumuna müvafiq qeyri-adi, şaşırdıcı incəlik nümunəsi sərgiləməyə nail olmuşdur. Doğrudan da belə işləri görəndə bir daha inanırsan ki, axıcı ritmli, dərinliyi ilə özünün işıq kölgəsini, təzadlı görüntüsünü yaradan bu ağac lövhələr dəmirlə yox, qəlbin istisi və sevgisi ilə kəsilib, bədii görkəm alıb. Bunun həqiqət olmasını isə həmin əsərlərin tamaşaçı ağlını ovsunlaması şərtləndirir...

Bütün yaradıcılığı boyu o, demək olar ki, əksər ağac növlərini “sınağa” çəkib. Qırmızı ağac, fıstıq və qoz ağaclarında düşündüklərini ifadə etməyə nail olub. Əlavə edək ki, ağaclarda maddiləşən bu ecazkar yazıların kağız üzərində ilkin variantlarının yaranmasında tanınmış xəttat Müzafəddin Əzizov ustad Seyfəddinə yardımçı olub.

Seyfəddin Mənsimoğlunun adlarını çəkdiyimiz əsərlərində görkəmli şəxsiyyətlərin təkcə adları deyil, eyni zamanda, onların yaradıcılıq aləmi ilə səsləşən elementlər və rəmzlər, eləcə də müxtəlif atributlar da verilir ki, bu da oyma nümunəsini daha da dolğunlaşdırır. Bu məsələdə rəssamlıq təhsili alması onun çox köməyinə çatır. Mübaliğəsiz demək olar ki, təsvirlə yazının qovşağı olan bu işlər heyrətamiz zərifliyi, gözoxşayan axıcı ritmi, özünəməxsus ifadə tərzi ilə seçilir...

Onun “Dədə Qorqud” əsərinin kompozisiyasını yazı ilə təsvirin uğurlu vəhdəti təşkil edir. Qoz ağacından hazırlanmış çevrə formasının mərkəzini yazı təşkil edir. Onun sağ yarısında nəfis xətlə yazılmış “Dədə Qorqud” sözü sol tərəfdə də güzgü əksində də təkrarlanmışdır. Bu yazılar mərkəzdə görüntüyə gətirilmiş qopuzu əhatələyir. Kompozisiya çevrə formasının üzərindəki on üç medalyon-təsvirlə tamamlanır. Belə ki, onların mərkəzini Dədə Qorqudun, ətrafını isə eposu təşkil edən on iki boyun qəhrəmanlarının görüntüləri təşkil edir. Medalyonların arasındakı sahələrin döymə üsulu ilə işlənməsi təsvirlərin qabarıqlığını şərtləndirmişdir, desək, yanılmarıq...

Ustadın görkəmli şairə Məhsəti Gəncəviyə həsr etdiyi kompozisiya belə nümunələrdəndir. Qoz ağacından hazırlanmış “Gəncəvi” sözü musiqi aləti udun üzərində, “Məhsəti” sözü isə aşağı hissəsində yarımdairəvi formada yazılıb. Udun yuxarı uzanan qolunun sol tərəfində Məhsətinin, sağ tərəfində isə həyat yoldaşı Əmir Əhmədin qabartma üsulu ilə işlənmiş portreti işlənmişdir. Kompozisiyanın həm də haşiyəsini təşkil edən bir qədər hündür ellipsvari formanın üzərində isə şairənin məşhur rübailərindən biri həkk olunub...

O, dahi şairimiz Məhəmməd Füzuliyə formaca bir-birindən fərqli beş əsər həsr edib. Bu kompozisiyalarda həm şairin adından, portretindən və heyvan təsvirlərindən, eləcə də onun dərin məzmunlu kəlamlarından geniş istifadə olunub, son nəticədə çox dəyərli sənət əsərləri yaranıb...

XII əsrdə yaşamış Əcəmi Naxçıvaniyə həsr olunmuş əsərin ümumi formasını dahi memarın şah əsərlərindən olan onüzlü Mömünəxatun türbəsinə yuxarı hissədən baxış təşkil edir. Başqa sözlə desək, güzgülü formada yazılmış “Əcəmi Naxçıvani” sözünü məhz bu çoxüzlü forma əhatələndirir. Kənar hissələrdə isə qurub-yaratmağı təqdir edən bayatı yazılmışdır...

Ustadın Mövlanə Cəlaləddin Rumi ünvanlı əsəri də maraqlı bədii həllə malikdir. Belə ki, kompozisiya təkcə ellips şəkilli formanın daxilində dahi filosofun adının tuğra şəklində yazılması ilə məhdudlaşmır. Bunu üzərində “Yallı” oynayanların siluetləri əks olunmuş ellipsin iç xəttinin hər iki tərəfdən çevrə əmələ gətirməsi şərtləndirir. Elə əsərin əsas məna-məzmun tutumu da məhz bu sahədə gerçəkləşdirilmişdir. Bunu çevrənin sağ tərəfində mövlanənin portretinin və məqbərənin, sol tərəfində isə ney çalan musiqiçinin təsvirləri əyaniləşdirir...

Dahi miniatürçü Sultan Məhəmmədə həsr olunmuş kompozisiya da formaca maraq doğurur. Belə ki, günbəzvari qoz ağacı üzərində bir neçə dəfə təkrarlanan “Sultan Məhəmməd” sözləri aşağıdan başlayaraq zirvəyə doğru yüksələrək bir nöqtədə birləşir. Yazı arasındakı sahələri rəssamın işlərinin döymə üsulu ilə təqdim olunmuş fraqmentləri tamamlayır. Bu əsər Almaniyanın paytaxtı Berlində İslam Mədəniyyəti Muzeyinin Azərbaycan bölməsində saxlanılır...

Ustad bir çox əsərlərində ağacoymanın bədii-texniki imkanlarını genişləndirməyə də nail olmuşdur. Onun yazı nümunəsini avarlı qayığa bənzətməsi və bəzək elementləri ilə əhatələndirməsi, Şah İsmayıl Xətai dünyasını açıq vərəq üzərində portreti və qılınc-qələmlə təqdim etməsi, doğrudan da, çox təsirli və bədii məziyyətlərlə zəngin ağac görüntüləridir...

Yüksək zövq və duyulası incəliklə işlənmiş həmin lövhələri (plaket) qədim Azərbaycan xəttatlığının ecazkarlığını, müəllifin qeyri-adi duyumunu və sənətkarlığını əyaniləşdirən bitkin sənət əsərləri hesab etmək olar. Onların forma-biçimi və ölçüləri o qədər uğurludur ki, onlar təkcə muzey ekspozisiyalarında deyil, həm də ictimai binaların və mənzillərin interyerində də maraqla baxılır.

Ustadın hazırladığı bir neçə rəhil isə ilk növbədə, konstruksiyalarının orijinallığı və naxış elementlərinin incəliyi ilə göz oxşayır. Rəhillərin birinin üzərinə kitab qoyulanda çevrəvari konstruksiya sayəsində ağırlıqdan onun istiqaməti aşağıya doğru dəyişir və nəticədə onun maili vəziyyət almasına görə masa arxasında oturmaqla da, kitabı oxumaq olur. Ustad Seyfəddinin yaratdığı təxəyyülünün nəticəsi olan belə rəhillərdən biri hazırda Berlin İslam Muzeyinin Azərbaycan bölməsində, digəri isə Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılır...

Azərbaycan Rəssamlar İttifaqının üzvü olan S.Mənsimoğlunun sənətkarlığını mütəxəssislər çox yüksək qiymətləndiriblər. O, dəfələrlə müxtəlif müsabiqələrin qalibi olub, əsərləri sərgilərdə müvəffəqiyyətlə nümayiş etdirilib. Bütün bunlar onun sənətinə və təmsil etdiyi xalqa həm də beynəlxalq şöhrət gətirib. Bu gün onun əsərlərinin Bakı, İstanbul, Berlin muzeylərində və neçə-neçə şəxsi kolleksiyalarda saxlanılması da bunun təsdiqidir.

Ziyadxan Əliyev

Əməkdar İncəsənət Xadimi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.