REGİONLAR
Ağbulaq İstirahət Mərkəzində “Gənclərin yay məktəbi” fəaliyyətə başlayıb
Şahbuz, 28 iyul, Tural Kəngərli, AZƏRTAC
İyulun 28-də Ağbulaq İstirahət Mərkəzində “Gənclərin yay məktəbi” fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Gənclərin yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə reallaşıb.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Canməmməd Canməmmədov “Gənclərin yay məktəbi”nin fəaliyyətə başlaması münasibətilə iştirakçıları təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıblar. Qeyd edilib ki, məqsəd gənclərin yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir.
Bildirilib ki, “Gənclərin yay məktəbi”nin keçiriləcəyi altı gün ərzində müxtəlif intellektual oyunlar, idman yarışları, seminarlar təşkil olunacaq. Həmçinin iştirakçıların Şahbuz rayonunun ərazisindəki tarixi abidələrə gəzintisi təşkil ediləcək, vətənpərvərlik mövzusunda filmlər nümayiş olunacaq.
Qeyd edək ki, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Gənclərin yay məktəbi”ndə Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin 50-yə yaxın tələbəsi iştirak edir.