REGİONLAR
Ağbulaq İstirahət Mərkəzində atletlərin istirahəti təşkil olunub
Şahbuz, 5 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 45 yetirməsinin Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, federasiya üzvləri Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olublar. Daha sonra onların “Ağbulaq” bulağına yürüşü keçirilib. Qonaqlara vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filmi nümayiş etdirilib, əyləncəli proqramlar təşkil olunub.
Atletlər müxtəlif stolüstü oyunlarda, mini-futbol yarışında da qüvvələrini sınayıblar.
- Ağbulaqda ikigünlük istirahət yaddaşımızda dərin iz buraxacaq – deyə federasiyanın üzvü Aylin Rzazadə bizimlə söhbətində təəssüratını bölüşdü.– Bu istirahət mərkəz haqqında eşitmişdim və burada olmağı çox istəyirdim. Gördüklərim məni heyrətləndirdi. Asudə vaxtın düzgün təşkilinə xidmət edən belə istirahət idmançılar tərəfindən hər zaman sevinclə qarşılanır.
Müjdə Məmmədova da istirahət mərkəzində yaradılmış hərtərəfli şəraitə görə minnətdarlığını bildirdi.
Uzun müddətdir yüngül atletika ilə məşğul olan Uğur Cəfərli də fikirlərini bizimlə bölüşərək dedi: “Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir ki, gəlirəm. Gözəl vaxt keçirdik. “Ağbulaq” bulağına yürüş isə daha yaddaqalan oldu”.
Qeyd edək ki, bu il martın 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən, idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. Bu tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.