REGİONLAR
Ağbulaq İstirahət Mərkəzində növbəti “Yay məktəbi” fəaliyyətə başlayıb VİDEO
Şahbuz, 28 iyul, AZƏRTAC
Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə növbəti “Yay məktəbi” fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, muxtar respublikadakı ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 45 fəal gəncin iştirak etdiyi “Yay məktəbi”nin ilk günündə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilən dövlət gənclər siyasəti və bu sahədə görülən ardıcıl tədbirlərdən danışıb.
Qeyd olunub ki, bu gün muxtar respublikada gənclərin hərtərəfli inkişafı, asudə vaxtının səmərəli təşkili, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb.
Gənclər onlar üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, beş gün davam edəcək “Yay məktəbi”ndə gənclərin asudə vaxtının səmərəli təşkil olunması məqsədilə müxtəlif idman yarışları, müsabiqələr, Şahbuz rayonunun gəzməli yerlərinə gəzintilər, intellektual yarışlar təşkil olunacaq və Azərbaycan filmləri nümayiş etdiriləcək.