REGİONLAR


Ağbulaq İstirahət Mərkəzində təşkil olunan tur-aksiya futbolçularda xoş təəssürat oyadıb

A+ A

Şahbuz, 1 iyul, AZƏRTAC

İyunun 29-30-da Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası idmançılarının Ağbulaq İstirahət Mərkəzində tur-aksiyası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, 45 futbolçunun iştirak etdiyi tur-aksiya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və muxtar respublikanın Futbol Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Ağbulaq İstirahət Mərkəzində idmançılara məlumat verilib ki, mərkəz Naxçıvanda kənd turizminin inkişaf etdirildiyi ən gözəl məkanlardan biridir. 2013-cü ildə istifadəyə verilən mərkəzin ərazisi 3,5 hektardır və 3 yaşayış korpusundan, 1 yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq var.

Nahar yeməyindən sonra proqrama uyğun olaraq futbolçular müxtəlif stolüstü oyunlarda mübarizə aparıblar. Şahmat, dama kimi zehni oyunların ardınca “Ağbulaq” bulağına yürüş keçirilib. Sonra vətənpərvərlik mövzusunda “Nuh yurdu – Naxçıvan” sənədli filminin nümayişi futbolçularda xoş təəssüratlar yaradıb.

Növbəti gün futbolçular müxtəlif idman yarışlarında qüvvələrini sınayıblar. Mərkəzin stadionunda mini-futbol yarışı keçirilib. Nahar yeməyinin ardınca futbolçular üçün əyləncəli saat təşkil edilib. Əyləncəli saatda yeniyetmə idmançılara bir-birindən xoş musiqi nömrələri təqdim olunub.

İyunun 30-da federasiyanın yetirmələrinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.

Ağbulaq İstirahət Mərkəzində təşkil olunan tur-aksiya futbolçularda xoş təəssürat oyadıb. Federasiyanını üzvlərindən Mirhüseyn Seyidov və Pərviz Oruclu söhbət zamanı qeyd ediblər ki, onlar iki gün ərzində tədbirlərə qatılıblar və bu da futbolçuların istirahətlərinin səmərəli təşkil olunmasında mühüm rol oynayıb. İdmançılar istirahət mərkəzində yaradılmış hərtərəfli şəraitə görə minnətdarlığını bildirdilər.

Qeyd edək ki, cari il mart ayının 18-də muxtar respublika Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə muxtar respublika rəhbərinin tapşırıqlarına əsasən idman federasiyaları üzvlərinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.