REGİONLAR
Ağbulaq İstirahət Mərkəzinin növbəti qonaqları Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri olub
Şahbuz, 17 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan gənclərin növbəti “Yay məktəbi”ndə Naxçıvan Dövlət Texniki Kollecində təhsil alan 60 tələbə iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Yay məktəbi”nin proqramına uyğun olaraq gənclər əvvəlcə mərkəzlə tanış olublar. Məktəbin ilk günü stolüstü idman oyunları oynanılıb, “Nuh yurdu” intellektual oyunu keçirilib, günün sonunda isə aprel döyüşlərindən bəhs edən “Qarabağa doğru” sənədli filmi nümayiş olunub.
İkinci gün iştirakçılar arasında müxtəlif idman oyunları, “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib, Naxçıvan Dövlət Texniki Kollecinin “Şən və hazırcavablar” klubunun üzvlərinin hazırladığı səhnəciklər göstərilib, konsert proqramı təşkil olunub, şəhid Toğrul Məmmədova həsr olunmuş “Vətən uğrunda” sənədli filmi nümayiş etdirilib.
“Yay məktəbi”nin sonuncu günü gənclərin Şahbuz Dövlət Təbiət Qoruğuna gəzintisi təşkil olunub.