CƏMİYYƏT
Ağbulaq qum-çınqıl sahəsinin ehtiyatı 3.2 milyon kubmetr hesablanıb
Bakı, 23 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidməti (MGKX) ötən il bir neçə yatağın kəşfi ilə yanaşı ehtiyatların hesablanmasını da həyata keçirib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Biləsuvar rayonu üzrə Qanlıtəpə gil sahəsi ayrılıb və C2 kateqoriyası üzrə 4.5 milyon kubmetr həcmində kərpic, sement və keramzit istehsalına yararlı gil xammalının ehtiyatları hesablanıb.
Göyçay rayonu üzrə Göyçay-İvanovka avtomobil yolunun şərq hissəsində kərpic istehsalına yararlı Çavuştəpə gil yatağı aşkar edilərək ehtiyatları C2 kateqoriyası 3.08 min kubmetr hesablanıb. Bundan əlavə, Daşlı qum-çınqıl yatağı aşkarlanıb və ehtiyatları ilkin olaraq qiymətləndirilib. Neftçala rayonu üzrə axtarış işlərinin aparılması başa çatdırılıb, nəticədə kərpic istehsalına yararlı Müşfiq gil və tikinti işləri üçün yararlı Neftçala qum yatağı aşkarlanıb. Müşfiq gil yatağı Şirvanlı qəsəbəsindən 3.2 km şimal-qərbdə yerləşir. Sahənin uzunluğu 1000 metr, eni 750 metr olmaqla C2 kateqoriyası üzrə ehtiyatları 2 milyon 827 min 500 kubmetr hesablanıb. Neftçala qum yatağı rayon ərazisində, Şirvanlı kəndindən 750 metr şimalda yerləşir. Sahəsinin uzunluğu 750 metr, eni 500 metr olmaqla C2 kateqoriyası üzrə ehtiyatları 1 milyon 391 min 250 kubmetr qiymətləndirilib.
İsmayıllı rayonu üzrə Ağbulaq qum-çınqıl sahəsi üzrə ilkin olaraq 3.2 milyon kubmetr, Gənzə gil yatağı üzrə 3.1 milyon kubmetr ehtiyat hesablanıb.
Qobustan rayonu üzrə 1:50000 miqyaslı axtarış marşrutları zamanı Qaiblər və Şaiblər yüksəkliyindən cənubda, Ceyrankeçməz qəsəbəsindən 4 kilometr şimal-şərqdə mergel təzahürü aşkarlanıb. Ceyrankeçməz mergel sahəsində aşkarlanmış təzahürün uzunluğu 1200 metr, eni 300 metr və orta qalınlığı 5 metr olmaqla ilkin olaraq C2 kateqoriyası üzrə 1.8 milyon kubmetr ehtiyat hesablanıb.
Şamaxı rayonu üzrə rayon ərazisində aşkar edilmiş Çıraqlı qum-çınqıl və Nüydü gil sahələrində 1:10000 miqyaslı axtarış-qiymətləndirmə işləri aparılıb. Çıraqlı sahəsinin uzunluğu 3000 metr, eni 250 metr, qalınlığı 4 metrdir. Sahədə ilkin olaraq 3.1 milyon kubmetr xammal ehtiyatı hesablanıb. Nüydü gil sahəsinin uzunluğu 1200 metr, eni 800 metr, qalınlığı 4.7 metrdir. İlkin olaraq 4.5 milyon kubmetr xammal ehtiyatları hesablanıb.
Daşkəsən rayonu üzrə dəmir yatağının şimal-şərq hissəsində qranatlı, epidotlu, maqnetitli skarnların yayıldığı qranat, ametist sahəsi ayrılıb, 1873.9 kiloqram əqiq xammalı hesablanıb.
Göygöl rayonu üzrə Hacıkənddən 2.5 kilometr cənub-şərqdə əqiq-xalsedon təzahürü müəyyən edilib. Zonanın qalınlığı 8-12 metr, əqiq-xalsedon damarlarının qalınlığı 3-25 santimetr, badamların ölçüləri 1-2 santimetrdən 15 santimetrə qədərdir.