MƏDƏNİYYƏT
“Ağca və yeddi cırtdan” musiqili nağılı Opera və Balet Teatrının səhnəsində
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Moskva “Eksperiment” Musiqili Teatrı tərəfindən “Ağca və yeddi cırtdan” musiqili nağılı nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın rejissoru Rusiyanın Əməkdar Artisti Boris Boreykodur. Xatırladaq ki, B.Boreyko həm də “Bremen musiqiçiləri” müziklinə quruluş verib.
Tamaşanın baletmeysteri “Ritmı planetı” ansamblının solisti Darya Saykinadır.
Rolları Boris Boreyko, ümumrusiya və beynəlxalq müsabiqələr laureatları Oksana Paşina, Yelena Sokolova, Darya Saykina və başqaları canlandıracaqlar.
“Ağca və yeddi cırtdan” həm uşaqlar, həm də onların valideynləri üçün sehrli nağıldır. Tamaşada qayğıkeş və zəhmətkeş cırtdanların gözəl və xeyirxah Ağcaya zalım ögey anasından gizlənməkdə kömək etmələrindən bəhs olunur.
Qrimm qardaşlarının nağılı əsasında hazırlanmış bu tamaşa Moskva “Eksperiment” Moskva Musiqi Teatrında bəstəkar Boqdan Pavlovskinin musiqisi ilə müşayiət edilir.