REGİONLAR


Ağcabədi: aparılan uğurlu iqtisadi siyasət heyvandarlıqda intensiv inkişafı təmin edir

A+ A

Ağcabədi, 29 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində Ağcabədi rayonunun sosial-iqtisadi göstəriciləri yüksəlib, bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının da inkişafında uğurlar qazanılıb. Son illərdə xüsusilə aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülür. Müasir heyvandarlıq komplekslərinin yaradılması, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilir.

Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri, əldə edilən yüksək nəticələr, süni mayalamadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. İlin əvvəlindən rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 3727 baş inək və düyə süni yolla mayalandırılıb, 1981 baş sağlam cins buzov alınıb. Mayalama zamanı əsasən “Holştein-friz”, “Qara-ala”, “Şvis” cinslərindən olan buğaların toxumları istifadə edilir.

Rayonda ətlik-südlük istiqamətli müasir ailə-fermer təsərrüfatlarının yaradılması üzrə pilot layihə həyata keçirilir. Layihəyə əsasən rayonun Təzəkənd kəndində yaradılmış 25 ailə-fermer təsərrüfatına Avstriyadan gətirilmiş 178 baş ətlik-südlük istiqamətli “Simmental” cinsli heyvanlar verilib.

Son illər Ağcabədi rayonunda müasir heyvandarlıq komplekslərinin yaradılması istiqamətində səmərəli iş aparılır. Rayonda aqrar sahəyə dövlət qayğısının təzahürü olaraq yaradılan iri sahibkarlıq subyektlərindən biri “BMS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin ölkəmizdə ilk böyük damazlıq keçi təsərrüfatıdır. 11 hektar ərazini əhatə edən təsərrüfat hər biri 1500 başlıq 8 fermadan, təkə, revir, çəpiş üçün binalardan, baş ofis, sağımxana və sağımxana ofisindən ibarətdir. Təsərrüfat ən müasir ferma avadanlığı – avtomatik yönəltmə və yemləmə, paralel sağım sistemi və xüsusi texnikalarla təchiz edilib, işçilərin çalışmaları və istirahəti üçün hər cür şərait yaradılıb.

Təsərrüfata Hollandiya və Fransadan 3500 baş keçi, həmçinin 1000 başa yaxın qoyun gətirilib. “Saanen” və “Alpin” cinslərindən olan keçilər, “Asaf” və “Şarole” cinsli qoyunlar məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malikdir. Təsərrüfatda bir gündə orta hesabla 4 tondan çox süd sağılır. Emal müəssisəsində KETCHI markası ilə keçi südü, Qarabağ motal pendiri, duzlu pendir, təzə pendir, qəlib pendiri, şüyüdlü pendir, şor, kərə yağı və sair kimi brend məhsullar istehsal edilir.

Rayonda yaradılan ən nümunəvi heyvandarlıq komplekslərindən biri də Ağabəyli kəndindəki 4 min başlıq “Aqat-aqro” MMC-dir. Heyvandarlıq kompleksinə sağımxana, buzovxana, 3 ədəd sağmal inək tövləsi, dana tövləsi, yem anbarı, yeməkxana, qəssabxana, ofis, emalatxana, yem hazırlama anbarı, mərkəzi anbar daxildir. Təsərrüfat bir dəfəyə 40 baş inəyin sağılmasına imkan verən avtomatlaşdırılmış sağım avadanlığı kompleksi, avtomatik yönləndirmə və yemləmə sistemləri, özüyeriyən “Kuhn” və “Faresin” tipli yem paylayan maşınlar, “Cat” markalı yükləyicilər, “Class” markalı 2 ədəd traktor və 1 ədəd yükləyici, soyutma sistemi və sair ilə təchiz edilib.

Hazırda kompleksdə 3500 baş cins heyvan, o cümlədən 1450 baş inək, 2050 baş buzov, düyə və dana var. Almaniyadan gətirilmiş “Holştein-friz” cinsli inəklərin hər birindən bir gündə orta hesabla 30 litr süd sağılır. Ümumilikdə təsərrüfatda bir gündə 40 min litrdən artıq, bir ildə isə 14 min 580 ton süd əldə edilir. Hazırda təsərrüfatın genişləndirilməsi, heyvanların sayının iki dəfə artırılması qarşıya hədəf qoyulub.

Rayonda heyvandarlıqla sənayenin inkişafı bir-biri ilə sıx əlaqəli şəkildə baş verir. Belə ki, bu gün rayonda fəaliyyət göstərən və regionda ən iri istehsal sahələrindən olan “Atena” MMC süd emalı kombinatını xam malla “Aqat-aqro” MMC təmin edir. 2011-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş və həmin vaxtdan da istehsala başlamış bu nəhəng müəssisənin gündəlik emal gücü 250 tondur. Layihənin gerçəkləşməsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditindən istifadə olunub. Layihənin həyata keçirilməsi üçün dünyanın lider şirkətləri ilə əlaqə qurulub və müqavilələr bağlanıb. Dünya süd texnologiyasında istifadə olunan ən yüksək standartların tətbiq edildiyi kombinatda mükəmməl laboratoriya sistemi qurulub ki, burada 108 növ loborator təhlil və analiz aparmaq mümkündür.

Hazırda kombinatda “Atena” markası ilə 40-dək çeşiddə süd məhsulları istehsal olunur. Həmin məmulatlar paytaxt Bakıda və respublikanın bütün bölgələrində yüksək keyfiyyəti ilə əhalinin rəğbətini qazanıb və geniş alıcılıq qabiliyyətinə görə qonşu dövlətlərdən gətirilən tanınmış süd brendlərinin mövqelərini zəiflədib.

“Atena” süd kombinatının fəaliyyətə başlaması Ağcabədi rayonunda kəndli təsərrüfatının da inkişafına təkan verib. Təsadüfi deyildir ki, öz məhsullarını maneəsiz və əlverişli qiymətə satmaqda marağı olan kiçik fermerlər təsərrüfatlarını genişləndiriblər ki, bu da əhalinin rifahının yaxşılaşdırılması üçün mühüm amillərdən birinə çevrilib. Ağcabədidə və qonşu rayonların kəndlərində yaradılmış süd qəbulu məntəqələrində hər gün 2 mindən çox ailə-kəndli təsərrüfatından 30 tondan artıq süd qəbul edilir.

Bundan başqa, rayonda heyvandarlıqla birbaşa bağlı olan “Gilan Holding” şirkətinə məxsus sutkalıq istehsal gücü 20 ton olan süd zavodu, Xocavənd kəndində ət kəsimi kombinatı kimi iri istehsal müəssisələri də yaradılıb.

Ağcabədi rayonunda ət və süd məhsullarının yüksək keyfiyyət göstəricilərinin təmin olunmasına, heyvan mənşəli xəstəliklərə qarşı mübarizə tədbirlərinin təşkilinə də xüsusi diqqət yetirilir. Rayon baytarlıq idarəsi tərəfindən mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılır, epizootiya əleyhinə və bioloji təhlükəsizliyin qorunması məqsədilə ardıcıl tədbirlər görülür.

Heyvandarlığın inkişafı istiqamətində həyata keçirilən uğurlu siyasət nəticəsində rayonda mal-qaranın cins tərkibi yaxşılaşıb, baş sayı, heyvandarlıq məhsullarının istehsalı və emalı artıb. Belə ki, 2005-ci illə müqayisədə rayonda iribuynuzlu mal-qaranın sayı 7,2 faiz, qoyun və keçilərin sayı 3,2 faiz, ət istehsalı 22 faiz, süd istehsalı 86,5 faiz, yun istehsalı 3,7 faiz çoxalıb. İstehsal olunan heyvandarlıq məhsulları nəinki rayonun, eləcə də ölkə əhalisinin tələbatının ödənilməsində, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.