REGİONLAR


Ağcabədi dindarları Ermənistan ordusunun dinc əhaliyə qarşı təxribatlarını qətiyyətlə pisləyir

Ağcabədi, 9 iyul, AZƏRTAC

Ağcabədi rayon dindarları iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər – Sahibə Quliyevanın və nəvəsi 2 yaşlı Zəhra Quliyevanın həlak olması ilə əlaqədar bəyanat verib.

Bəyanatda deyilir: “Artıq 25 ildir ki, Ermənistan BMT-nin, ATƏT-in Minsk qrupunun və dünyanın digər beynəlxalq təşkilatlarının Azərbaycan torpaqlarını işğaldan azad etmək barədəki tələblərinə məhəl qoymur. Bu da mövcud beynəlxalq hüquq normalarına ziddir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrləri də bu müddət ərzində işğal faktını aradan qaldıra bilməyib, beləliklə də beynəlxalq birlik qarşısında öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyiblər. Halbuki, bu müddət ərzində dünyanın bir çox yerlərində çoxsaylı qaynar nöqtələr yaranmış və dünya birliyi çox qısa bir zamanda həmin hadisə və müharibə ocaqlarının qarşısının alınmasında bütün səy və bacarıqlarını nümayiş etdirmişlər.

Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış torpaqlarının azad olunmasında ATƏT-in Minsk qrupu siyasi liberallıq nümayiş etdirərək Ermənistana öz həddini bildirməyib, azərbaycanlılara qarşı getdikcə artan terror və soyqırımı hadisələrinin qarşısının alınmasında qətiyyət göstərməyib. Hələ də dünya birliyi, BMT və ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Azərbaycana qarşı ikili standartlar siyasəti həyata keçirirlər.

Ağcabədi dindarları belə bir qənaətdədir ki, Ermənistanın indiyə kimi cəzalandırılmaması vəziyyəti dözülməz bir həddə çatdırıb. Beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın işğalçı və dövlət səviyyəsində Azərbaycana qarşı yeritdiyi terror siyasətinin qarşısı dərhal və qeyd- şərtsiz alınmalıdır.

Biz, Ağcabədi rayon dindarları bir erməni vəhşiliklərini qətiyyətlə pisləyir və terrorçu rejimin liderlərinin tezliklə cəzalandırılmasını tələb edirik. Eyni zamanda, bildiririk ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan öz torpaqlarının işğal faktı ilə heç vaxt barışmayacaq və biz Ağcabədili dindarlar da lazım olarsa Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad edilməsinə həmişə hazırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.