Ağcabədidə 4 ədəd partlamamış hərbi sursat aşkarlanıb
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 1-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağcabədi rayonunun Böyük Kəhrizli kəndi ərazisindən bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat (2 ədəd F-1 əlqumbarası və 2 ədəd UZRQM partladıcısı) aşkar olunub götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.