REGİONLAR
Ağcabədidə Bayraq Muzeyinin inşası başa çatıb
Ağcabədi, 24 avqust, AZƏRTAC
Ağcabədi şəhərində Bayraq Meydanının ərazisində Bayraq Muzeyinin inşası başa çatıb.
AZƏRTAC xəbər verir ki, ərazisi 0,81 hektar olan meydanda inşa olunan Bayraq Muzeyinin tikinti sahəsi 588 kvadratmetrdir. Müasir memarlıq üslubunda tikilən ikimərtəbəli muzey binası ekspozisiya, konfrans və iclas zallarından, inzibati otaqlardan ibarətdir.
Bayraq muzeyinin ərazisində abadlıq işləri aparılıb, yerə tamet döşənib, 2 su hovuzu və fəvvarə tikilib, işıqlandırma sistemi qurulub, yaşıllıqlar salınıb. Hazırda binada mebel və digər avadanlıqlar quraşdırılır. Bayraq Muzeyinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
Muzey binasında müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları, həmçinin bayraqların uc elementləri, gerblər və sair sərgilənəcək. Bayraq Muzeyi Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradacaqdır.