REGİONLAR
Ağcabədidə İslamda ailə dəyərləri müzakirə edilib
Ağcabədi, 29 iyul, AZƏRTAC
Ağcabədi rayon təhsil şöbəsində “Seyid Mürsəl Ağa məscidi” dini icması tərəfindən “İslamda ailə dəyərləri” layihəsi çərçivəsində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, təhsil işçiləri iştirak ediblər.
“Seyid Mürsəl Ağa məscidi” dini icmasının sədri Zeynəb Quliyeva mövzu ilə bağlı çıxış edərək İslamda ailə institutu və cəmiyyətimizin milli mənəvi dəyərlərə əsaslanan ailə prinsiplərindən danışıb, Məhəmməd Peyğəmbərin ailəsi və Əhli-Beyt ailələri haqqında geniş məlumat verib.
Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, təhsil işçiləri ailədə milli mənəvi dəyərlərin təbliğindən bəhs edib, belə layihələrin, maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.