REGİONLAR
Ağcabədidə bələdiyyə seçkilərində qadınların və gənclərin fəal iştirakının təmin edilməsi müzakirə edilib
AZƏRTAC xəbər verir ki, YAP Ağcabədi rayon təşkilatı qadınlar şurasının, gənclər birliyinin və Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin birgə təşkilatçılığı ilə keçirilən yığıncaqda qarşıdakı bələdiyyə seçkilərində qadınların və gənclərin fəal iştirakının təmin edilməsi müzakirə olunub. YAP rayon təşkilatı qadınlar şurasının sədri Naibə Mustafayeva rayonda qadınların ictimai fəallığından və qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqdan danışıb. Bildirib ki, YAP Ağcabədi rayon təşkilatı bələdiyyə seçkilərində qadınların və gənclərin iştirakına xüsusi önəm verəcəkdir. Bələdiyyə üzvlüyünə namizədlər irəli sürülərkən ən fəal, əhali arasında nüfuzu olan, yüksək intellektli qadınlar və gənclərə üstünlük veriləcəkdir.
YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov bildirib ki, bələdiyyə seçkilərində qələbə qazanmaq üçün rayon təşkilatı bütün təşkilati və hazırlıq işləri ilə ciddi məşğuldur. Təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq, mövcud qanunvericilik əsasında seçkilərə start verildikdən sonra bütün prosedur qaydalarına əməl ediləcəkdir. Artıq seçki qərargahı yaradılıb, müşahidəçi və məşvərətçilər, imza toplayan YAP fəalları və təşviqat qrupunun üzvləri müəyyən edilib.
Tədbirdə “Bələdiyyələr”, “18 yaşına çatmış vətəndaşların fəal seçki hüququ”, “Seçkilərdə iştirak qaydaları” mövzularında hazırlanan videoçarxlar nümayiş etdirilib.
Diskussiya şəklində davam edən tədbirdə gəncləri və qadınları maraqlandıran suallar cavablandırılıb.