REGİONLAR
Ağcabədidə buraxılış imtahanının yeni modelinə dair zona seminarı keçirilib
Ağcabədi, 27 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi noyabrın 27-də Ağcabədi şəhərində 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modelinə dair zona seminarı keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Laçın, Xocavənd, Tərtər və Zərdab rayonlarının təhsil işçiləri, ümumtəhsil məktəblərində kurikulum proqramı üzrə dərs deyən müəllimlər iştirak ediblər.
Dövlət İmtahan Mərkəzinin Ağcabədi regional bölməsinin müdiri Samir Əliyev və Ağcabədi Rayon Təhsil Şöbəsinin müdir əvəzi Solmaz Rəhimova ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni modeli, bu sahədə aparılan işlər haqqında məlumat veriblər.
Seminarda Azərbaycan dili fənni üzrə Afiqə Batıyeva, riyaziyyat fənni üzrə Aydın Qasımov ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanının yeni qaydalarına dair məruzə ilə çıxış ediblər.
Bakı Dövlət Universitetinin nəzdində Türk Liseyinin müəllimi Saməddin İbrahimov isə Azərbaycan dili fənni üzrə buraxılış imtahanı proqramı, test tapşırığı nümunələri və qiymətləndirmə meyarları barədə danışıb.
Sonra çıxışlar ətrafında müzakirələr aparılıb. Müəllimlər mövzu ilə bağlı fikirlərini bildirib və təkliflər irəli sürüblər.
Seminarda müəllimləri maraqlandıran suallar cavablandırılıb.