REGİONLAR
Ağcabədidə əsas kapitala yönəldilən investisiyalar 25 faiz artıb
Ağcabədi, 19 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Cari ilin birinci yarısında Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 140.408,8 min manat olub. Bu, əvvəlki illə müqayisədə 12,2 faiz çoxdur. Bu dövrdə 7164,8 min manatlıq sənaye, 85.919,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 8371,3 min manat investisiya yönəldilib. 2015-ci ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 1,7 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 8,6 faiz, əsas kapitala yönəldilən investisiyalar isə 25 faiz artıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri daha da sürətlənib, 907-si daimi olmaqla, 1748 nəfər iş yeri ilə təmin olunub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda heyvandarlığın, əkinçiliyin və sənayenin inkişaf etdirilməsi məqsədilə 75 nəfər sahibkara 758,3 min manat güzəştli kredit verilib, 116 yeni iş yeri açılıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Ağcabədi rayonunda 2016-cı ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsində bildirilib ki, hesabat dövründə Hüsülü–Kürdlər–Şərəfxanlı–Mirzəhaqverdili avtomobil yolunun Şahsevən Təzəkənd kəndindən Minəxorlu kəndinə keçən hissəsində Qarqar çayı üzərində körpü tikilərək istifadəyə verilib, Sarvanlar kəndindən Bala Kəhrizli kəndinə keçən hissəsindəki körpü əsaslı təmir olunub. Hindarx qəsəbəsində şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilib. Təzəkənd və Bala Kəhrizli kəndləri qazlaşdırılıb. Hazırda Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton olan çörək və un məmulatları zavodunun və otelin inşasında son tamamlama işləri görülür. Bayraq Muzeyinin tikintisi başa çatmaq üzrədir. Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər idarəsinin Ağcabədi Xidmət Mərkəzinin inzibati binasının, Olimpiya İdman Kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi, şəhər 6 saylı və Hacıbədəlli kənd körpələr evi-uşaq bağçalarında, Boyat kənd xəstəxanasında əsaslı təmir işləri davam etdirilir. Qaravəlli, Yeni Qaradolaq, Qaradolaq, Mehrablı, Qiyaməddinli, Gələbədin kəndlərində qazlaşma işləri aparılır.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, bu il rayonda 3661 hektar sahədə pambıq əkilib, 3675 kiloqram barama tədarük olunub. Gələcəkdə pambıq sahələrinin 7 min hektara çatdırılması, barama istehsalını artırmaq məqsədi ilə 28 min 950 ədəd çəkil tinginin əkilməsi nəzərdə tutulur.
Cari ilin məhsulu üçün rayonda 26 min 548 hektar sahədə taxıl, 815 hektarda şəkər çuğunduru, 185,5 hektarda kartof, 1184 hektarda tərəvəz, 523 hektarda bostan, 2603 hektar sahədə qarğıdalı və 1210 hektar soya bitkisi əkilib. Taxıl biçinini başa çatdıran fermerlər 95 min 827 ton məhsul əldə ediblər.
Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.