REGİONLAR
Ağcabədidə gənclərin ideya yarmarkası keçirilib
Ağcabədi, 29 iyul, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Region gənclərinin inkişafına dəstək” layihəsi çərçivəsində Ağcabədi rayonunda gənclərin ideya yarmarkasını keçirib.
AZƏRTAC xəbər verir ki, Qarabağ bölgəsi gənclərinin böyük marağına səbəb olan ideya yarmarkasının keçirilməsində məqsəd region gənclərinin təşəbbüskarlığının artırılması və onların kiçik layihələrinin dəstəklənməsinə kömək etməkdir.
İdeya yarmarkasında çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova üç ay müddətində həyata keçirilmiş layihə haqqında məlumat verərək, Qarabağ gənclərinin innovativ ideyalarını, təşəbbüskarlıqlarını yüksək qiymətləndirib. Bildirib ki, gənclərin ideyalarını həyata keçirmək üçün yaxın müddətdə dövlət və özəl sektor ilə birgə fəaliyyətə başlanılacaq.
Ağcabədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Təyyar Hacıyev çıxışında ideya yarmarkasının əhəmiyyətini qeyd edərək, gənclərin hərtərəfli inkişafının ölkənin sosial, mənəvi inkişafının tərkib hissəsini təşkil etdiyini vurğulayıb.
Daha sonra ideya yarmarkası işə başlayıb. Gənclər təqdimatlar şəkilində öz ideyalarını dövlət qurumları, bələdiyyə, QHT və KİV-lərin, habelə ictimaiyyət nümayəndələrinin qarşısında təqdim ediblər.
Gənclərin regionun sosial-iqtisadi inkişafına hesablanmış sahibkarlıq fəaliyyəti, onlar üçün konsaltinq və informasiya xidmətlərinin göstərilməsi, ictimai kitabxanaların inkişafına kömək, kənd təsərrüfatının inkişafı, gənc fermerlərə dəstək, peşə təhsili, turizm bələdçilərinin hazırlanması və sair istiqamətlər üzrə maraqlı ideyalar təqdim olunub. Müstəqil qaydada formalaşdırılmış münsiflər heyəti tərəfindən üç ən çox səs toplayan ideya yüksək qiymətləndirilib. Bildirilib ki, mərkəz qalib gələn üç ideyanın reallaşmasında yaxından iştirak edəcək.