REGİONLAR
Ağcabədidə ilin ilk üç ayında məhsul buraxılışında 47 faizdən çox artım qeydə alınıb
Ağcabədi, 18 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə Ağcabədi rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 67.914,4 min manat olub. Bu, əvvəlki illə müqayisədə 47,4 faiz çoxdur. Bu dövrdə 8.335,8 min manatlıq sənaye, 24.245,3 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 14.178 min manat investisiya yönəldilib. 2016-cı ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 2,7 dəfə, kənd təsərrüfatı istehsalı 19,4 faiz, əsas kapitala yönəldilən investisiyalar 4,7 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Ağcabədi rayonunda 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsində bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə abadlıq-quruculuq işləri davam etdirilib, yeni iş yerləri açılıb.
Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, birinci rübdə 2311,90 hektar sahədə şəkər çuğunduru əkilib, 9 min hektardan artıq sahədə çiyid səpilməsi üçün müqavilələr bağlanılıb. Hacıbədəlli kəndi ərazisindəki istixana kompleksində 32 ton pomidor istehsal olunub. Hazırda rayon ərazisində aqropark yaradılması istiqamətində iş aparılır.
Yığıncaqda əhalinin elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsil, mədəniyyət və səhiyyə sahələrində görülən işlər ətraflı təhlil olunub, əldə olunan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.