REGİONLAR
Ağcabədidə ingilis dili dərslik dəsti müzakirə olunub
Ağcabədi, 30 noyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ağcabədi regional bölməsinin təşkilatçılığı ilə cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında ingilis dili fənnindən istifadə edilmiş test tapşırıqlarının və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış VIII sinif “İngilis dili” dərslik dəstinin müzakirəsi aparılıb.
AZƏRTAC xəbər verir ki, Ağcabədi şəhər 3 nömrəli məktəb-liseydə keçirilən müzakirələrdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Zərdab, Laçın, Xocavənd rayonlarının ümumi və tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak ediblər.
TQDK-nın sektor müdiri Cavanşir Orucov qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış VIII sinif “İngilis dili” dərslik dəstinin təhlili ilə bağlı görülən işlərdən danışıb.
Sonra 2015-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının elmi‑metodiki baxımdan təhlili haqqında məlumat verilib, yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış VIII sinif “İngilis dili” dərslik dəstinin monitorinqi haqqında rəy təqdim olunub.
Müzakirələrdə ümumi və tam orta məktəblərin fənn müəllimləri və metodistlər fikirlərini bildirib, təkliflər veriblər.
VIII sinif üçün istifadədə olan “İngilis dili” dərslik dəstinin həmmüəllifi, 290 nömrəli tam orta məktəbin müəllimi Xalidə Rüstəmova dərslik dəsti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirib, sualları cavablandırıb.