REGİONLAR
Ağcabədidə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 46,4 faiz artıb
Ağcabədi, 15 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
İlin birinci yarısında Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 209.319,5 min manat olub. Bu, əvvəlki illə müqayisədə 46,4 faiz çoxdur. Bu dövrdə 14.895,3 min manatlıq sənaye, 95.125,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 54.859,1 min manat investisiya yönəldilib. 2016-cı ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 2,1 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 20,1 faiz, əsas kapitala yönəldilən investisiyalar 3,5 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu faktlar Ağcabədi rayonunda 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsində bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib. İlin altı ayında 1056-sı daimi olmaqla, 2018 nəfər iş yeri ilə təmin edilib, sahibkarlıq genişləndirilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 25 layihə üzrə sahibkarlara 280 min 806 manat güzəştli kredit verilib, 32 yeni iş yeri açılıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə Yuxarı Qiyaməddinli kəndində yeni inşa edilən 640 şagird yerlik tam orta məktəb, Aran kənd 1 nömrəli körpələr evi-uşaq bağçası və Ağcabədi Elektrik Şəbəkəsinin inzibati binası istifadəyə verilib. Hazırda Ağcabədi Olimpiya İdman Kompleksinin tikintisi, Heydər Əliyev prospektində abadlıq işləri, Hacılar kəndində 200 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri davam etdirilir.
Aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, bu il rayonda 9550 hektar sahədə pambıq əkilib, 16 min 779 kiloqram barama tədarük olunub. Qeyd edilib ki, rayonda 4800 hektar sahədə aqropark yaradılması üçün iş aparılır. Təsərrüfatda pivot suvarma sisteminin qurulması, bitki yağları emalı zavodunun tikilməsi və 1500 hektarda soya, 1500 hektarda qarğıdalı, 800 hektarda buğda, 500 hektarda günəbaxan, 500 hektarda çuğundur əkilməsi nəzərdə tutulub.
Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.