REGİONLAR
Ağcabədidə işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili ilə əlaqədar təlimlərə başlanılıb
Ağcabədi, 18 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Ağcabədi rayon Məşğulluq Mərkəzi tərəfindən işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili ilə əlaqədar təlimlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən təlimlər “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə təşkil olunub. Beynəlxalq Əmək Təşkilatının müvafiq sertifikatı ilə təmin olunmuş təlimçilər tərəfindən həyata keçirilən treninqlərin əsas məqsədi Ağcabədi rayon məşğulluq mərkəzində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında rəqabət qabiliyyətinin artırılmasıdır.
5 həftə davam edəcək təlimlərdə ardıcıl olaraq iştirak etmiş, təlim kurslarını müvəffəqiyyətlə başa vuraraq biznes-plan hazırlamaq bacarığına yiyələnmiş şəxslər öz biznes layihələrini həyata keçirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq avadanlıq və mal-qara ilə təmin olunacaqlar.