REGİONLAR
Ağcabədidə keçirilən idman bayramına 200 məktəbli qatılıb
Ağcabədi, 28 avqust, AZƏRTAC
Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbin mini futbol meydançasında “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayonun şəhər, qəsəbə, kənd ümumtəhsil məktəblərinin 6-15 yaş arasında olan oğlan və qızlarının, onların məşqçiləri və təlimatçılarının cəlb olunduğu, ümumilikdə 200 məktəblinin iştirak etdiyi idman tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
AFFA-nın birinci vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri Rauf Əliyev tədbirdə idman bayramı münasibətilə iştirakçıları təbrik edib, idmanın bütün növlərinə, o cümlədən futbola dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov “Açıq Əyləncəli Uşaq Futbol Məktəbi” layihəsi çərçivəsində keçirilən idman bayramının yetişməkdə olan gənc nəslin sağlam böyüməsində müsbət əhəmiyyətini qeyd edib. O, layihə iştirakçısı olan gənclər arasında gələcəyin beynəlxalq idman yarışlarının, dünya və olimpiya iştirakçılarının yetişəcəyinə inandığını bildirərək, məktəblilərə uğurlar arzulayıb.
Tədbir müəyyən olunmuş proqram əsasında davam edib.