REGİONLAR
Ağcabədidə keçirilən imtahanlarda iki mindən çox şagird və abituriyent iştirak edib
Ağcabədi, 5 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 5-də respublikanın 14 şəhər və rayonda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara), habelə tam (11 illik) orta təhsil və ümumi (9 illik) orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, həmçinin eksternat qaydasında attestasiyada iştirak üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX və XI sinif şagirdləri üçün imtahanlar keçirib.
TQDK-nın Ağcabədi regional bölməsinin müdiri kimya üzrə fəlsəfə doktoru Samir Əliyev AZƏRTAC-a bildirib ki, Ağcabədi şəhərində təşkil olunan imtahanlarda bu rayondan, həmçinin Ağdam, Zərdab, Füzuli, Xocavənd, Beyləqan və Laçından olan 2262 şagird və abituriyentin iştirakı nəzərdə tutulub. Ağcabədi şəhər 3 nömrəli məktəb-liseydə, 2, 8, 11 nömrəli və Təzəkənd kənd tam orta məktəblərində keçirilən imtahanlar 18 imtahan rəhbəri və 215 nəzarətçi-müəllim tərəfindən idarə olunub.
Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.
Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbdə də imtahanlar təlimata uyğun olaraq saat 10:00-da başlanıb. AZƏRTAC-ın müxbiri həmin məktəbdə imtahan prosesini izləyib. İmtahanların keçirilməsi üçün məktəb binasında 21 zal ayrılıb. Ümumilikdə 491 şagird və ya abituriyentin iştirakı nəzərdə tutulan imtahanın idarə olunmasına 4 imtahan rəhbəri və 46 nəzarətçi-müəllim cəlb edilib.
Ağcabədidə keçirilən imtahanlar təlimata uyğun aparılıb və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.