REGİONLAR
Ağcabədidə keçirilən qəbul imtahanlarında 876 abituriyent iştirak edib
Ağcabədi, 15 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 15-də Ağcabədi şəhərində 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
TQDK-nın Ağcabədi regional bölməsinin müdiri Samir Əliyev AZƏRTAC-ın müxbirinə bildirib ki, Ağcabədi şəhərində keçirilən imtahanda bu rayondan, həmçinin Ağdam, Zərdab, Füzuli, Xocavənd, Beyləqan və Laçından olan 876 abituriyent iştirak edib. Ağcabədi şəhər 3 nömrəli məktəb-liseydə və 8 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanlar 6 imtahan rəhbəri və 84 nəzarətçi-müəllim tərəfindən idarə olunub.
Abituriyentlər bilik və bacarıqlarını göstərmək üçün ayrılan 3 saat ərzində imtahan otağında hər fəndən 25 test tapşırığı olmaqla, ümumilikdə 125 sualı cavablandırmağa çalışıblar. I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənlərindən, IV ixtisas qrupunda isə riyaziyyat, kimya və biologiya fənlərindən son 4 sual açıq tipli test tapşırıqlarıdır. Saat 11:00-da başlayan imtahanlar təlimata uyğun aparılıb və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.
Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.
Qeyd edək ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi internet vasitəsilə iyulun 29-dan avqustun 10-dək aparılacaq.