REGİONLAR
“Ağcabədidə məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalanıb
Ağcabədi, 11 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Fevralın 11-də Ağcabədi Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” vasitəsilə həyata keçiriləcək “Ağcabədidə məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimində çıxış edən Yerli İdarəetməyə Yardım İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihə çərçivəsində Ağcabədi şəhər 1 və 11 nömrəli tam orta məktəblərində yeni sanitar qovşağın tikiləcəyini və bununla da gigiyenik şəraitin yaxşılaşdırılacağını bildirib.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva iki dost ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycanda həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.
Yaponiyanın ölkəmizdəki səfirliyinin müşaviri Kenji Aşida bildirib ki, layihənin ümumi məbləği 90 min 300 ABŞ dollarıdır. Yaponiya hökuməti indiyədək Ağcabədi rayonunda bu layihə də daxil olmaqla 5 layihə reallaşdırıb.
Sonra Kenji Aşida və Yerli İdarəetməyə Yardım İctimai Birliyinin sədri Vüsal Mirzəyev layihə üzrə qrant müqaviləsini imzalayıblar.