REGİONLAR
Ağcabədidə uşaq bağçası istifadəyə verilib
Ağcabədi, 13 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunun Aran kəndində yeni inşa olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib. Azәrbaycan Hökumәti vә Dünya Bankının maliyyәlәşdirdiyi vә Kәnd Tәsәrrüfatı Nazirliyi yanında Kәnd Tәsәrrüfatı Kreditlәri üzrә Dövlәt Xidməti tәrәfindәn hәyata keçirilәn Azərbaycan Kənd İnvestisiya Layihәsi çərçivəsində inşa edilən 40 yerlik uşaq bağçasında iki qrup fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, uşaq bağçasının açılışı mərasimində çıxış edənlər balacaları, onların valideynlərini, bağça kollektivini təbrik edib, uşaqlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıblar.
Bildirilib ki, uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və ya əsaslı şəkildə yenidən qurulur.
Çıxış edən ictimaiyyət nümayəndələri və valideynlər göstərilən qayğıya görə dövlətimizin başçısına və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.
Tədbir musiqi proqramı ilə davam edib. Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar.