REGİONLAR
Ağcabədidə yeni ailə quran 6424 nəfər tibbi müayinədən keçib VİDEO
Ağcabədi, 24 yanvar, AZƏRTAC
Ölkəmizdə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan indiyədək Ağcabədidə 6424 nəfər müvafiq müayinədən keçib.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim laborantı Səmayə Allahverdiyeva AZƏRTAC-a bildirib ki, nikaha daxil olmaq istəyən şəxslər Rayon Mərkəzi Xəstəxanasında talassemiya, QİÇS və zöhrəvi xəstəliklər üzrə müayinə edilir. Xəstəxana skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunub. Xəstəxanada hematoloji kabinet yaradılıb. Götürülmüş qan nümunələri Bakı şəhərinə Xüsusi Qan Xidməti avtomobilləri ilə çatdırılır.
2016-cı ildə müayinə olunan 2420 nəfərin 40-da talassemiya xəstəliyinin daşıyıcılığı, 18-də isə zöhrəvi xəstəlik aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılır. Bununla yanaşı, onlar xəstəxananın həkimlərindən tibbi-genetik, tibbi-psixoloji və ailə planlaşdırılması üzrə məsləhətlər də alırlar.