REGİONLAR
Ağcabədidən Bakıya gətirilən yararsız heyvan cəmdəkləri zərərsizləşdirilib
Bakı, 7 fevral, AZƏRTAC
Ağcabədi rayonundan Bakıya satış məqsədi ilə gətirilən, mənşəyi məlum olmayan qida üçün yararsız heyvan cəmdəkləri zərərsizləşdirilib.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) məlumat verilib.
Bildirilib ki, yanvarın 30-da qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə Qaradağ rayonu ərazisində yerləşən Dövlət Yol Polisi postunda reyd keçiriblər. Reyd zamanı Ağcabədi rayonunun Xocavənd kənd sakini Niyazov Sultan Niyaz oğluna məxsus "Mercedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobili saxlanılıb. Avtomobilə baxış keçirilərkən onun arxa oturacağında və yük yerində mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmayan, orqanoleptik göstəriciləri qida üçün yararlığı şübhə doğuran, baytarlıq-sanitariya tələblərinə əməl edilmədən, üst-üstə tökülmüş, antisanitar vəziyyətdə daşınan, üfunətli iy verən, çəkisi 430 kq olan hissələrə bölünmüş 4 heyvan cəmdəyi aşkarlanıb.
Heyvan cəmdəklərinin mənşəyinə və sağlamlığına dair heç bir müşayiətedici sənədi olmadığından və qida üçün yararlığı şübhə doğurduğundan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.
Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən hər 4 heyvan cəmdəyindən götürülən ət nümunələrində bakterioloji çirklənmə aşkar olunub. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə hər 4 heyvanın aqoniya vəziyyətində kəsilməsi və ya ölmüş heyvanların ətinin (leş əti) olması, bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq, heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq, fevralın 7-də heyvan cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbə icra nümayəndəliyinin ayırdığı məişət tullantılarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulan xüsusi ərazidə kütləvi informasiya vasitələrinin və aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.