CƏMİYYƏT
Ağcabədili gənclər hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yollanırlar VİDEO
Ağcabədi, 8 yanvar (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının 2014-cü il yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncamına əsasən, Ağcabədi rayonunda gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, çağırışçı gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad etmişlər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində keçirilən təntənəli mərasimdə çıxış edən ictimaiyyət nümayəndələri, ağsaqqallar, valideynlər gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək, sürətlə inkişaf edən ölkəmizin ordu quruculuğunda qazandığı uğurlardan danışmış, Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı tövsiyə etmişlər.
Çağırışçılar Azərbaycan Ordusuna, Vətənə xidmət etməyə hazır olduqlarını, bundan qürur duyduqlarını bildirmiş və vurğulamışlar ki, onların ən böyük arzusu işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməkdir.
Mərasimdə rayon mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramı təqdim olunmuşdur. Gənclər musiqi sədaları altında həqiqi hərbi xidmətə yola salınmışlar.