REGİONLAR
Ağcabədili məzunlardan 324 nəfəri tələbə adını qazanıb
Ağcabədi, 31 avqust, AZƏRTAC
Ağcabədi rayon mədəniyyət evində bu il respublikanın ali məktəblərinə daxil olmuş gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl gənclər ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Tələbələr sonra Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olub, xatirə şəkli çəkdiriblər.
Tədbirdə çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edərək, onlara uğurlar diləyiblər. Məlumat verilib ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1536 nəfər məzundan 568 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 324 nəfəri tələbə adını qazanıb. Gənclərdən 35 nəfəri 500-600 arası, 19 nəfəri isə 600-dən çox bal toplayıb.
Çıxışlarda son illər ölkəmizdə, o cümlədən Ağcabədi rayonunda təhsil sahəsində əldə edilən uğurlardan bəhs edilib. Bildirilib ki, ali məktəblərə qəbul sayının əvvəlki illərlə müqaisədə artması dövlətimizin təhsilə, gələcəyimiz olan gənclərə diqqət və qayğısının göstəricisidir.
Tədbirdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnib savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
İmtahanlarda 600-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyətinin fəxri fərmanı və hədiyyələr verilib.