REGİONLAR
Ağcabədili məzunlardan 328 nəfəri tələbə adını qazanıb
Ağcabədi, 1 sentyabr, AZƏRTAC
Ağcabədi rayon mədəniyyət evində bu il respublikanın ali məktəblərinə daxil olmuş gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində xatirə şəkli çəkdiriblər.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatı Tahir Rzayev və başqaları tələbə adını qazanan gəncləri təbrik edərək, onlara uğurlar diləyib, yüksək bilikli mütəxəssis kimi yetişmək üçün yaxşı oxumağı və Vətənə ləyaqətlə xidmət göstərməyi tövsiyə ediblər.
Məlumat verilib ki, bu il rayonun orta ümumtəhsil məktəblərini bitirən 1349 nəfər məzundan 620 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak etmək üçün sənəd verib və onlardan 328-i tələbə adını qazanıb. Gənclərdən 30 nəfəri 500-600 arası, 16 nəfəri isə 600-dən çox bal toplayıb. Qaravəlli kənd tam orta məktəbinin məzunu Ağayev Mustafa 690 bal, 4 saylı tam orta məktəbin məzunu Sadıqov Eldəniz 680 bal, 3 saylı məktəb-liseyin məzunu Məmmədzadə Çinarə 675 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər.
Tədbirdə çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnib ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
600-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyətinin fəxri fərmanı və hədiyyələr verilib.