REGİONLAR
Ağcabədili sahibkar: Məhsullarımız xaricə də ixrac olunacaq FOTO VİDEO
Ağcabədi, 4 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq istiqamətində məqsədyönlü iş aparılır, müasir istehsal sahələri, emal müəssisələri yaradılır.
AZƏRTAC xəbər verir ki, belə təsərrüfatlardan biri rayonun Hacıbədəlli kəndi ərazisində yerləşir.
Yerli sahibkar Samir Mürşüdov tərəfindən yaradılan kompleksin tikintisinə bu ilin mart ayında başlanılıb. Ümumi ərazisi 6 hektar olan kompleksin 3 hektarında istixana təsərrüfatı yaradılıb. Tərkibinə xüsusi konstruksiya əsasında qurulan müasir istixana, qazanxana, 800 tonluq su anbarı, inzibati bina, yeməkxana, anbar və yardımçı tikililər daxildir. Kompleksdə Türkiyə və İtaliya istehsalı olan ən müasir avadanlıq quraşdırılıb. Suvarma, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur.
Təsərrüfatın rəhbəri Samir Mürşüdov bildirib ki, illik istehsal gücü 550 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor istehsal ediləcək. Məhsul daxili bazara çıxarılmaqla yanaşı, respublikamızdan kənara da ixrac olunacaq.
Sahibkar istixananı genişləndirmək, iş yerlərinin sayını artırmaq niyyətindədir. “2017-ci ilin mart ayında daha 3 hektarda istixana qurulacaq və işçilərin sayı 60-dan 140-a çatdırılacaq. Biz sahibkarlara yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Çalışacağam ki, fəaliyyətimizi daha da genişləndirməklə, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, yeni iş yerlərinin yaradılmasına öz töhfəmizi verək”, - deyə Samir Mürşüdov qeyd edib.