REGİONLAR
Ağcabədinin 9 kəndində suvarma sisteminin bərpası ilə bağlı yeni layihə icra olunacaq
Ağcabədi, 26 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağcabədi rayonunun 9 kəndində suvarma sisteminin bərpası ilə bağlı yeni layihənin icrasına başlanılacaq.
AZƏRTAC xəbər verir ki, yanvarın 26-da Ağcabədi Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardım (ODA) Proqramının bir hissəsi olan “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində “Ağcabədinin 9 kəndində suvarma sisteminin bərpası” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verərək, bu layihələri Yaponiya-Azərbaycan dostluğunun nümunəsi adlandırıb. Əminliklə bildirib ki, layihə rayonda kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artmasına töhfə verəcək.
Qeyd olunub ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində indiyədək Azərbaycanın bölgələrində səhiyyə, sosial müdafiə, gəlirlərin yüksəldilməsi, infrastrukturla bağlı ümumi dəyəri 18 milyon 203 min 425 ABŞ dolları olan 213 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yaponiya hökuməti indiyədək Ağcabədi rayonunda 5 layihə həyata keçirib və bu, artıq 6-cı layihədir.
Diqqətə çatdırılıb ki, yeni layihənin məqsədi Ağcabədinin 9 kəndində suvarma sistemini bərpa etməklə, kənd təsərrüfatının inkişafına töhfə verməkdir. Layihənin icrası nəticəsində rayonun Böyük Kəhrizli, Şotlanlı, Şahmalılar, Bala Kəhrizli, Hüsülü, İmamqulubəyli, Poladlı, Kürdlər və Taynaq kəndlərində 327 ailəyə məxsus 473 hektar pay və həyətyanı torpaqların suvarma suyu ilə təminatı yaxşılaşacaq. Layihənin ümumi məbləği 82 min 359 ABŞ dolları təşkil edir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.
Sonra səfir Tsuquo Takahaşi və “Aran” Humanitar Regional İnkişaf Təşkilatının direktoru Rauf Əliyev layihə üzrə qrant müqaviləsini imzalayıblar.