REGİONLAR
Ağcabədinin səhiyyə işçiləri ümumrespublika yaşıllaşdırma marafonunda fəal iştirak edirlər VİDEO
Ağcabədi, 2 dekabr, AZƏRTAC
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə noyabrın əvvəlindən başlanan ümumrespublika yaşıllaşdırma marafonu Ağcabədi rayonunda böyük rəğbətlə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, rayonda ekoloji mühitin qorunması, yaşıllıq sahələrinin artırılması və geniş ictimaiyyətin bu işə cəlb edilməsi məqsədilə keçirilən aksiyalar zamanı 19 minə yaxın Eldar şamı, sərv və kiparis ağacları əkilib. Ağac əkini əsasən Ucar-Ağcabədi, Mingəçevir-Bəhrəmtəpə, Ağdam-Hindarx-Ağcabədi və Tərtər-Hindarx avtomobil yollarının kənarlarında, həmçinin rayonun kəndlərində aparılıb.
Bu nəcib və xeyirxah marafonda rayonun səhiyyə işçiləri də həvəslə iştirak edirlər. Aksiya zamanı rayon mərkəzi xəstəxanasının, doğum evinin, təcili yardım şöbəsinin, uşaq xəstəxanasının və digər səhiyyə ocaqlarının həyətlərində yüzlərdə həmişəyaşıl ağac əkilib. Ağacların inkişafı üçün əraziyə gübrə verilib və abadlıq işləri aparılıb. Yeni əkilən ağaclar suvarılaraq onlara digər aqrotexniki qulluq göstərilib.