REGİONLAR
Ağdam: Elektrik enerjisi və təbii qazın istifadəsində güzəşt limitinin artırılması razılıqla qarşılanıb
Ağdam, 23 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif Şurasının iclasında təbii qaz və elektrik enerjisi istehlakının həcminin artırılması cəbhə bölgəsində yaşayan sakinlər tərəfindən razılıqla qarşılanıb.
AZƏRTAC-ın müxbiri cəbhə xəttində yerləşən kəndlərin sakinləri ilə görüşüb, onların fikirlərini öyrənib.
Ağdam rayon Qaradağlı kənd sakini Eyvaz Mirzəyev deyib: “Təbii qaz üçün illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisi istehlakının həcminin isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılması əhalinin sosial müdafiəsi baxımından atılmış mühüm addımdır. Cəbhə kəndində yaşayan vətəndaş kimi bu qərara sevinirəm və Prezidentə çox sağ ol deyirəm”.
Rzalar kənd tam orta məktəbin müəllimi Aisə Abbasova Prezidentin tapşırığı ilə verilən bu qərardan razılığını bildirib. Qeyd edib ki, dövlətimizin başçısının tapşırığına əsasən təbii qaz və elektrik enerjisinin qiymətləri ilə bağlı Tarif Şurasının qərarının dəyişilməsi onu göstərir ki, Prezidentimizin həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması dayanır.
Evdar qadın Samirə Qurbanova isə fikirlərini belə ifadə edib: “Qaz və elektrik enerjisinin tariflərinə edilən dəyişiklik məni çox sevindirdi. Çünki bu dəyişiklik sayəsində ailə büdcəmizə zərər toxunmayacaq. Bunun üçün Prezidentimizə təşəkkür edirəm”.