REGİONLAR
Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyası zənginləşdirilir
Ağdam, 19 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonu tarixi, mədəniyyət və memarlıq abidələri, kurqanlarla, məbədlərlə, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir.
AZƏRTAC xəbər verir ki, rayon ərazisindən aşkar edilən arxeoloji tapıntılar, insanların yaşam tərzini, məşğuliyyətini özündə əks etdirən maddi-mədəniyyət nümunələri, qədim əmək alətləri və əşyalar 1962-ci ildə yaradılmış Ağdam Tarix-Diyarşünaslıq Muzeyində mühafizə edilirdi. 2500-dən artıq eksponatın sərgiləndiyi muzey Ağdam şəhərinin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı məhv edilib.
2001-ci ildən muzey fəaliyyətini Qaradağlı kənd Mədəniyyət Evinin binasında davam etdirir. Muzeyin direktoru Ülvi Qədirov AZƏRTAC-a müsahibəsində bildirib ki, muzey qədim və qiymətli tarixi eksponatları, diyarın tarixini, mədəniyyətini, əhalinin məişətini, adət ənənəsini, ictimai-siyasi həyatını konkret materiallar əsasında əhaliyə çatdırır. Yerli əhalinin köməyi ilə rayonun işğal altında olmayan ərazilərindən yenidən toplanan, bərpa edilən, həmçinin arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin hesabına hazırda muzeydə 2 minə yaxın eksponat sərgilənir.
Ü.Qədirov qeyd edib ki, rayon ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələri hesabına muzeyin ekspozisiyası getdikcə zənginləşir. Təkcə 2016-ci ildə 57 ədəd maddi mədəniyyət nümunəsi muzeyə təhvil verilib. Bu eksponatlar içərisində nadir və maraqlı arxeoloji və etnoqrafik əşyalar diqqəti cəlb edir.
Ekspozisiyaların zənginləşməsinin nəticəsidir ki, muzeyi ziyarət edənlərin sayı ildən-ilə artır. Muzey rayon sakinlərinin, xüsusən də məktəblilərin, rayonun qonaqlarının və ərazidəki hərbi hissələrin əsgər və zabitlərinin ən çox ziyarət etdikləri məkanlardandır. 2016-cı ildə muzeyə 1500 nəfər, cari ilin 4 ayında isə 400 nəfərə yaxın ziyarətçi gəlib. Burada nümayiş olunan müxtəlif tarixi dövrlərə aid silahlar, sikkə və pul nümunələri, duluzçuluq məmulatları, məişət əşyaları ziyarətçilərin böyük marağına səbəb olur.