REGİONLAR
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir VİDEO
Ağdam, 12 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Ağdam məktəbliləri də qoşulublar.
AZƏRTAC xəbər verir ki, noyabrın 12-də Quzanlı qəsəbəsində rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Ağdam rayonunun məktəblilərindən ibarət qrupun Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola salınması mərasimi keçirilib.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov çıxış edərək, dövlətimizin başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.
Qrupun rəhbəri Şahmalı Qəhrəmanov AZƏRTAC-a müsahibəsində deyib: “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası məktəblilərin Vətənimizi daha yaxşı tanımasında və sevməsində, onların dünyagörüşünün artmasında böyük əhəmiyyət kəsb edir. Məktəbliləri maraqlı ekskursiya gözləyir. Onlar Quba rayonunda Cümə məscidi, Soyqırımı Memorial kompleksi, Xalçaçılıq emalatxanası, Tağlı Körpü, Qolf meydançası ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” Qış-Yay Turizm kompleksinə, Xaçmaz rayonunda isə Xalça və “Şəxsiyyətlər muzeyinə", Çənlibel parkına ekskursiya edəcəklər.
Ağdam rayon 1 nömrəli tam orta məktəbin şagirdi Nigar Hümbətova fikirlərini belə ifadə edib: “Respublikamızın bir çox bölgəsində olmuşam. Bu tur-aksiyada isə şagird dostlarımla birgə Quba, Qusar, Xaçmaz rayonlarının təbiəti, görməli yerləri ilə tanış olacağıq. Səfər zamanı ölkəmizin tarixi, adət-ənənələri, inkişafı barədə zəngin məlumatlar toplayacağıq. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
78 nömrəli tam orta məktəbin şagirdi Hümbət Atakişiyev isə deyib: “Quba, Qusar, Xaçmaz rayonlarına ilk dəfədir gedirəm. Həmin rayonlar haqqında coğrafiya dərsindən, televiziyadan və internetdən xeyli məlumatım var. Ekskursiya zamanı isə Vətənimin bu bölgəsini gözlərimlə görəcəm. Bunun üçün çox sevinirəm”.
Tur-aksiyada iştirak edəcək şagird və müşayiətçilər onlar üçün ayrılmış avtobusla Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola düşüblər.