REGİONLAR


Ağdam rayonu üzrə sosial-iqtisadi göstəricilər təhlil edilib

A+ A

Ağdam, 17 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Cari ilin doqquz ayında Ağdam rayonu üzrə ümumi məhsul istehsalının həcmi 98,8 milyon manat olub. Bu, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,2 milyon manat və ya 4,5 faiz çoxdur. Hesabat dövründə 7,4 milyon manatlıq sənaye, 73,8 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 6,5 milyon manatlıq tikinti-quraşdırma işləri həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ağdam rayonunun Quzanlı qəsəbəsində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda məlumat verilib.

Rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, cari ildə rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Quzanlı qəsəbəsində kənd təsərrüfatı idarəsinin binası istifadəyə verilib, mərkəzi meydanda, ağsaqqallar evində, Yeni Azərbaycan Partiyası rayon təşkilatının binasında yenidənqurma işləri aparılıb, Heydər Əliyev Mərkəzinin və Bayraq Muzeyinin tikintisi başa çatıb. Hazırda Ağdam Rayon İcra Hakimiyyətinin binasında yenidənqurma işləri davam etdirilir. Rayonda xalçaçılıq müəssisəsinin və Mədəniyyət mərkəzinin tikintisi üçün hazırlıq görülür.

Diqqətə çatdırılıb ki, erməni silahlı qüvvələrinin apreldə artilleriya atəşləri nəticəsində rayonda dağılmış mülki əhaliyə məxsus evlərin bərpası başa çatıb. Tikinti, bərpa və təmir işləri Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı il 2 may tarixli Sərəncamına əsasən aparılıb. Tamamilə dağılmış 8 ev yenidən tikilib, 15 ev bərpa edilib, 27 ev əsaslı, 401 ev isə cari təmir olunub.

Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi barədə verdiyi tapşırıqların icrası istiqamətində rayonda bir sıra tədbirlər görülüb. Cari ildə 2450 kiloqram barama, 57 min 569 ton taxıl, 39 min 528 ton tərəvəz, 7607 ton kartof, 992 ton meyvə istehsal edilib. Rayon ərazisində 551 hektar sahədə pambıq əkilib. Hazırda tarlalarda pambıq yığımı davam edir.

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həllindən və qarşıda duran vəzifələrdən danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.