REGİONLAR


Ağdam rayonunun komandası Alpaqut döyüş sənəti üzrə “Qarabağ kuboku”nun qalibi olub

A+ A

Ağdam, 18 iyul, AZƏRTAC

Ağdam rayonu Quzanlı qəsəbəsindəki Olimpiya İdman Kompleksində Alpaqut döyüş sənəti üzrə yeniyetmə və gənclər arasında “Qarabağ kuboku” keçirilib.

AZƏRTAC xəbər verir ki, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ uğrunda hazır ol” layihəsi çərçivəsində təşkil olunan yarışda 25 komanda, 200-dən çox idmançı iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov “Qarabağ uğrunda hazır ol” devizi altında keçirilən yarışın ictimai və vətənpərvərlik baxımından əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğıdan bəhs edən natiq 2015-ci ildə 1-ci Avropa Oyunlarının, 2016-cı ildə “Formula-1” yarışlarının Azərbaycanda keçirilməsinin beynəlxalq əhəmiyyət daşıdığını qeyd edərək, ölkəmizin 2017-ci ildə İslam Həmrəylik Oyunlarına və digər beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edəcəyini vurğulayıb.

Alpaqut döyüş sənətinin müəllifi kutsan Vasif Namazov çıxış edərək, idmanın bu növünün tarixindən danışıb, bütün idmançıların Qarabağın azadlığı uğrunda döyüşə hazır olduqlarını bildirib.

Ağdam Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mehman Mustafayev rayonda idmanın inkişafına göstərilən qayğıdan bəhs edib, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatına belə bir yarışı təşkil etdiyinə görə təşəkkürünü çatdırıb.

Rəsmi hissədən sonra Ağdam rayon mədəniyyət şöbəsinin hazırladığı vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. Sonra “Qarabağ şikəstəsi” və “Cəngi” sədaları altında idmançıların qələbə uğrunda yarışı başlayıb.

Alpaqut döyüş sənətinin Aypara, Batur və Caymaz sistemləri üzrə təşkil olunan yarışda ümumi komanda hesabına görə Ağdam idmançıları birinci, Güzdək komandası ikinci, Ağcabədi təmsilçiləri isə üçüncü pillədə qərarlaşıblar. Qalib komandalara və idmançılara kubok, medal və diplomlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.