REGİONLAR
Ağdamda 3 mindən çox şagird üçün son zəng səslənib
Ağdam, 14 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun ümumtəhsil müəssisələrində son zəng mərasimləri təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, idarə, müəssisə və təşkilatların, yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, valideynlər son zəng mərasimlərinə qatılıb, məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Mərasimlərdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən və qazanılan uğurlardan danışılıb.
Çıxış edən məzunlar onlara göstərilən etimadı layiqincə doğruldacaqlarını, doğma məktəblərinin şərəfini daim uca tutacaqlarını söyləyiblər.
Mərasimlərdə birinci və on birinci sinif şagirdləri bir-birilərinə gül dəstələri və hədiyyələr veriblər. Təqdim olunan müxtəlif kompozisiyalar, musiqili-bədii proqramlar iştirakçılarda xoş və kövrək anlar yaradıb.
Qeyd edək ki, 2016-2017-ci tədris ilində rayonun 134 ümumtəhsil müəssisəsinin IX siniflərini 1688, XI sinfini isə 1392 şagird bitirir.