REGİONLAR
Ağdamda “Biz sənə qalib gələcəyik” adlı layihə başa çatıb
Ağdam, 27 iyul, AZƏRTAC
Ağdam rayonunun kəndlərində və məcburi köçkün qəsəbələrində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Biz sənə qalib gələcəyik” adlı layihə başa çatıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində keçirilən tədbirlərdə təşkilatın icraçı direktoru Rəşid Paşalı, Ağdam rayon Gənclər və İdman İdarəsinin rəis müavini Anar Əsgərov, ekspert Asim Vəliyev və başqaları iştirak ediblər. Tədbirlərdə bildirilib ki, layihənin keçirilməsində əsas məqsəd Ağdam rayonunda yaşayan uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, narkomaniya bəlasına düçar olan şəxslərin müalicəsi haqqında məlumatların verilməsi, yoluxucu xəstəliklərin yoluxma yolları və törətdiyi fəsadlar barədə maarifləndirmə işinin aparılması və seminarların təşkil olunmasıdır. Qeyd olunub ki, gəncliyin fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərən amillərdən biri bütün dünyanı narahat edən, ən ciddi sosial problemlərdən hesab olunan narkomaniyadır.
Tədbirlərdə dövlətimizin hər bir vətəndaşa, o cümlədən gənclərə olan qayğısından, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin vacibliyindən də danışılıb.
Layihə üzrə keçirilən tədbirlərdə, ümumilikdə, 500 nəfərdən çox uşaq və gənc iştirak edib. İştirakçılara maarifləndirici bukletlər və sertifikatlar verilib.