REGİONLAR
Ağdamda “Fövqəladə hal rayonuna qüvvə və vasitələrin cəlb edilməsinin təşkili” mövzusunda təlim keçirilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin xüsusi xilasetmə hissəsi və növbətçi hissəsinin şəxsi heyətinin iştirakı ilə “Fövqəladə hal rayonuna qüvvə və vasitələrin cəlb edilməsinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, mərkəzi rayon xəstəxanasının təcili tibbi yardım stansiyasının əməkdaşlarının da iştirak etdikləri təlimdə məqsəd xüsusi xilasetmə və növbətçi hissələrin şəxsi heyətinin hazırlıq vəziyyətinə gətirilməsi, fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrin daha da artırılması, hadisə rayonuna yürüşün keçirilməsi, qəza-xilasetmə və digər tədbirlərin operativ həyata keçirilməsi, ilkin tibbi yardımın göstərilməsinin təşkili olub.
Üç mərhələdən ibarət təlimin birinci mərhələsində şərti zəlzələ nəticəsində Bərdə rayonunda yerləşən yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışın nəticələrini aradan qaldırmaq üçün Mərkəzin xüsusi xilasetmə və növbətçi hissələrinin şəxsi heyəti həmin ünvana cəlb olunub. Yanacaqdoldurma məntəqəsinin ətrafındakı evlərdən insanlar müvəqqəti olaraq təhlükəsiz zonaya təxliyə edilib, xəsarət alanlara ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib. Partlayış zamanı ətrafa dəyən ziyanın bərpası istiqamətində tədbirlər görülüb.
Təlimin ikinci mərhələsində şərti olaraq Bərdə şəhərində 6 bal gücündə qeydə alınan zəlzələ nəticəsində qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları peşə məktəbinin binasında baş vermiş dağıntıların nəticələrini aradan qaldırmaq üçün əraziyə Mərkəzin xüsusi xilasetmə və növbətçi hissələrinin şəxsi heyəti ilə yanaşı, qəza-bərpa, axtarış-xilasetmə qüvvə və texnikası, 4 yardım maşını da cəlb edilib. Əhali hadisə yerindən təhlükəsiz zonaya köçürülüb, dağıntılar altında köməksiz vəziyyətdə qalan insanlar çıxarılıb, qəza-bərpa və axtarış-xilasetmə işləri aparılıb, sıradan çıxan elektrik dirəklərinin bərpası istiqamətində müvafiq işlər görülüb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra yüngül bədən xəsarətləri alanlar evə buraxılıb. Ağır bədən xəsarəti alanlar isə xəstəxanalara yerləşdiriliblər.
Üçüncü mərhələdə şərti olaraq Hindarx-Tərtər yolunun Şahvəlilər kəndi istiqamətində hərəkət edərkən yoldan çıxaraq dərəyə yuvarlanmış minik avtomobilinin sıxılıb qalan sürücüsü avtomobildən çıxarılıb. Ona lazımi ilkin tibbi yardım göstərilib və mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Sonda taktiki-xüsusi təlimin ümumi təhlili keçirilib, müzakirələr aparılıb.