Ağdamda "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib
Bakı, 29 dekabr, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BMAF) reallaşdırdığı “Regionlarda məcburi köçkün gənclərinin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının dəstəklənməsi” layihəsi çərçivəsində Ağdamda "Nə? Harada? və Nə zaman?" intellektual oyunu keçirilib.
BAMF-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Ağdam Dövlət Sosial İqtisad Kollecinin direktoru Natiq Cavadov, Ağdam Rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Ziya Hümbətov iştirak ediblər.
Oyunda Ağdam Dövlət Sosial İqtisad Kollecinin tələbələrindən təşkil olunmuş “Evrika”, “Şahinlər”, “İdrak”, “Sülh” və “Sənətkarlar” adlı beş komanda mübarizə aparıb. İştirakçı komandalara iki mərhələdə ümumilikdə otuz sual verilib. Münsiflər heyətinin rəyinə əsasən on altı suala doğru cavab verən “Şahinlər” komandasını qalib elan olunub.
“Regionlarda məcburi köçkün gənclərinin vətəndaş cəmiyyəti quruculuğunda iştirakının dəstəklənməsi” layihəsinin əsas məqsədi regionlarda məskunlaşmış məcburi köçkün gənclərin layihə təkliflərini maliyyələşdirməklə onları dəstəkləmək və qeyri-formal təhsil metodu olan “Forum teatrlar” vasitəsilə cəmiyyətdə fəal iştiraka cəlb etməkdir. Bu məqsədlə Bərdə, Tərtər və Ağdam rayonlarının hər birində iki layihənin maliyyələşdirilməsi və “Forum Teatrlar”ın təşkili nəzərdə tutulub.