REGİONLAR
Ağdamda gənc seçicilər bələdiyyə seçkiləri ilə bağlı maarifləndirilib
Ağdam, 20 dekabr, AZƏRTAC
“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi (İB) tərəfindən həyata keçirilən “Bələdiyyə seçkilərində region gənclərinin ictimai fəallığının artırılması” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi bələdiyyə seçkilərində region gənclərinin ictimai fəallığının artırılmasına dəstək göstərmək və onların seçkilərində fəal iştirakına təkan verməkdir.
Tədbirdə ilk dəfə səs verəcək gənclərə və gənc seçicilərə Azərbaycanda seçkilərin əsas prinsipləri, seçki prosesi ilə bağlı qanunvericilik aktları, bələdiyyə seçkilərinin əsasları, bələdiyyələrin fəaliyyətində beynəlxalq təcrübə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, səsvermə qaydaları, səsvermə prosesinin mərhələləri haqqında ətraflı məlumat verilib.
Çıxış edənlər regionlarda keçirilən belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək, bələdiyyə seçkilərində gənclərin ictimai fəallığının vacibliyini vurğulayıblar. Bildirilib ki, gənclər bələdiyyə seçkilərində fəal iştirak edərək, seçki hüquqlarından istifadə etməlidirlər.
Müzakirə şəklində davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.